Tramp Ağ Evdə Baydenin portretini avtoqələm şəkli ilə əvəzlədi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki “Prezidentlik Şöhrət Yolu”na əvvəlki prezidentlərin portretlərini əlavə etsə də, Co Baydenin portreti əvəzinə avtoqələm şəkli yerləşdirib.
Tramp əvvəllər Baydenin rəsmi sənədləri imzalayarkən avtoqələm istifadə etməsini tənqid etmişdi. İyunda yayımladığı memorandumda Baydenin idrak qabiliyyətinin azalmasını əsas gətirərək avtoqələm istifadəsinə dair araşdırma tələb etmişdi.
Tramp Daily Caller-a verdiyi müsahibədə bütün prezidentlərə bərabər münasibət göstərilməyəcəyini bildirib və Bayden üçün portret əvəzinə avtoqələm fotosunun asılacağını açıqlayıb. Bayden isə iddiaları rədd edərək, “Prezidentliyim boyunca qərarları özüm qəbul etmişəm, sənədləri və qanunları mən imzalamışam. Əksini iddia etmək absurd və yanlışdır” deyib.
Trampın memorandumunda həmçinin Baydenin sağlamlıq vəziyyəti barədə ictimaiyyətin yanıltılıb-yanıltılmadığının araşdırılması da tələb olunub. Sənəddə “Prezidentin zehni və fiziki sağlamlığı barədə məlumatlar qəsdən gizlədilibmi” və “Baydenin köməkçiləri arasında saxta təsəvvür yaratmaq üçün əməkdaşlıq olubmu” suallarına cavab axtarılır.
Əvvəllər Tramp Barack Obama və Corc V. Buş portretlərini dəyişdirmiş, Hillary Klintonun portreti yerinə öz portretini asmışdı. Həmçinin yazda Ağ Ev Gül Bağını mərmər və daşlarla bəzəyərək “Rose Garden Club” adını vermişdi.
Yeni “Prezidentlik Şöhrət Yolu” çərşənbə axşamı Trampın təşkil edəcəyi tədbirdə ilk dəfə qonaqlara nümayiş olunacaq.

