Futbol oynadıqları üçün ailələri cərimələndi


İtaliyanın Murano adasında 12–13 yaşlarında olan 14 uşaq ictimai meydanda futbol oynadıqları üçün polisə şikayət edilib. Polis hər bir uşağı müəyyənləşdirərək onların ailələrinə 50 avro cərimə yazıb. Qərar şəhərdə müzakirələrə səbəb olub.

İtaliyanın Venesiya şəhərinə aid Murano adasında bir qrup uşaq məhəllə meydanında futbol oynadıqları üçün polisə şikayət olunub. Yaşları 12 ilə 13 arasında dəyişən 14 uşaq oyun zamanı səs-küy saldıqları əsas gətirilərək saxlanılıb.

Polis uşaqların kimlik məlumatlarını aldıqdаn sonra ailələrini çağıraraq hər biri üçün 50 avro cərimə kəsib. Bildirilib ki, cərimə 60 gün ərzində ödənilməsə, məbləğ 500 avroya qədər yüksələ bilər.

Uşaqlardan birinin atası polisin davranışını tənqid edərək “Bizimlə əlaqə saxlayıb uşaqları evə göndərmələrini gözləyirdik. Bunun əvəzinə birbaşa cərimə yazdılar” deyib. Ailələr cəriməni ödəməyəcəklərini və bələdiyyə sədrinə etiraz edəcəklərini açıqlayıblar.

Cərimənin 2019-cu ildə qüvvəyə minmiş və bəzi meydanlarda top oyunlarını qadağan edən qaydalara əsaslandığı bildirilib. Ancaq ailələr yeni abadlaşdırılmış Pino Signoretto meydanının qadağan olunmuş ərazilər siyahısında olmadığını iddia edirlər.

Bələdiyyə şurasının üzvü Marko Qasparinetti isə narazılığını “Şəhərin ən böyük problemi turist sıxlığı və oğruluq ikən, uşaqların futbol oynamasına bu qədər sərt müdaxilə edilməsi doğru deyil” deyə ifadə edib.

Keçmiş futbolçu Paolo Podji də məsələyə münasibət bildirərək qeyd edib ki, uşaqların çöldə vaxt keçirməsi dəstəklənməlidir. Podji bildirib ki, qaydalar vacibdir, amma sağlam düşüncə də lazımdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu