Dünyada motosiklet istifadəsi qaydaları nədir?
Motosiklet dünyada münasib qiyməti və aşağı yanacaq xərcləri ilə yanaşı, tıxac və park problemlərindən qaçmaq üçün geniş şəkildə istifadə olunan nəqliyyat vasitəsidir. Lakin sürüş təhlükəsizliyi üçün tətbiq olunan qaydalar ölkədən ölkəyə əhəmiyyətli dərəcədə fərqlənir.
Motosikletin geniş istifadə olunmasının əsas səbəbləri arasında iqtisadi əlçatanlıq, yanacaq və təmir xərclərinin aşağı olması, tıxac zamanı digər nəqliyyat vasitələrinə nisbətən vaxt qənaəti, asan park imkanı və özünəməxsus üsluba sahib olmaq amili yer alır.
Lakin təmin etdiyi üstünlüklərə baxmayaraq, motosiklet istifadəsi ciddi risklər daşıyır. Kiçik qəzalar belə sürücünün sağlamlığı üçün böyük təhlükə yarada bilər.
Bu səbəbdən lazımi təhsil və sürücülük vəsiqəsinin alınması, sığorta və müntəzəm texniki baxımın təmin edilməsi, motosiklet sürərkən kaska taxmaq, əlcək, uyğun gödəkcə və çəkmə kimi qoruyucu avadanlıqlardan istifadə etmək təhlükəsiz sürüş üçün əsas qaydalar hesab olunur. Bu qaydaların pozulması halında tətbiq olunan cəzalar isə ölkədən ölkəyə dəyişir.
Avropada reflektiv etiket, gündüz işığı və ehtiyat lampa tələbi
Avropanın demək olar bütün ölkələrində motosiklet sürücüləri üçün xüsusi təsdiqlənmiş kaskanın istifadəsi məcburidir. Həmçinin sürət həddi, yol hərəkəti qaydalarına riayət və spirtli içki istifadəsinin qadağan olunması bu ölkələrdə ortaq qaydalar sayılır.
Sürücü yaşı, sürücülük vəsiqəsi sinfi və kaska tipi üzrə fərqli tələblər mövcuddur. Avropa ölkələrində aşağı gücə sahib motosikletlər üçün sürücülük vəsiqəsi 18 yaşında əldə edilə bilər, böyük motosikletlər üçün isə adətən 24 yaş və əlavə təlim tələb olunur.
Fransa, Belçika, İspaniya və Macarıstan kimi ölkələrdə reflektiv jilet daşımaq və lazım olduqda geyinmək, Fransa və Belçikada isə uyğun əlcək və uzunqol gödəkcə, çəkmə istifadəsi məcburidir. Almaniya, Avstriya, Fransa, Belçika və Portuqaliyada gündüz işığı istifadəsi, Fransa və Xorvatiyada isə ehtiyat lampa daşınması tələb olunur.
Fransada təsdiqlənmiş kaskadan istifadə etməmək 750 avro və bal cəzasına səbəb olur. Kaskada reflektiv etiketin olmaması, fosforlu jilet geyinməmək və qulaqcıqla sürmək isə hər biri üçün 135 avro və bal cəriməsinə gətirib çıxarır. İtaliyada standartlara uyğun kaska taxmamaq 355 avroya qədər cəza və motosikletin 60 gün müddətinə hərəkətdən çıxarılması ilə nəticələnə bilər. İngiltərədə kaska istifadə etməmək 500 funt sterlinqədək cəza və sığortanın ləğv olunması riskini yaradır. Motosikleti sığortasız idarə etmək isə 300 funt cəza və motosikletin dayanacağa qoyulması ilə nəticələnir.
İtaliyada gecə saat 22:00-dan səhər 07:00-dək sürət həddi pozuntularında cəza 33% artırılır. Avropa ölkələrində cəzaların yüksəkliyi və qaydaların ciddi tətbiqi sürücüləri qaydalara riayət etməyə məcbur edir.
Avropada təxminən 40 milyon motosiklet mövcuddur. Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərədə yalnız keçən il 1 milyon 155 min motosiklet qeydiyyatdan keçib.
ABŞ-da kaska istifadəsi 19 ştat və paytaxtda məcburidir
Amerikada motosiklet Şimali Amerikanın bəzi bölgələrində əyləncə vasitəsi, Cənubi Amerikada isə gündəlik nəqliyyat vasitəsi kimi geniş istifadə olunur. Motosiklet istifadəsi üçün sürücülük vəsiqəsi, kaska məcburiyyəti və sığorta kimi tələblər ölkələr və hətta ABŞ-da ştatlar arasında fərqlilik göstərir.
Bütün ştatlarda sürücülərin motosiklet vəsiqəsi və ya təsdiqlənmiş sənədə malik olması tələb olunur. Vəsiqəsiz sürüş ciddi cəzalar, motosikletin dayanacağa qoyulması və hətta həbs ilə nəticələnə bilər.
ABŞ-da kaska istifadəsi 19 ştat və paytaxt Vaşinqtonda sürücü və sərnişin üçün məcburidir, 3 ştatda isə xüsusi qayda yoxdur. Digər ştatlarda isə qismən məcburiyyətlər və göz qoruması, işıqlandırma və digər avadanlıqlarla bağlı xüsusi qaydalar mövcuddur. Kasksız sürücülərə tətbiq olunan cəzalar 25 dollardan başlayaraq 1000 dollara qədər dəyişir. Conciya ştatında kaskasız sürüşdə sürücülər həm pul cəzası, həm də 1 ilə qədər həbs və ya ictimai işlərlə cəzalandırıla bilər.
ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsinə (NHTSA) görə, ölkədə motosikletlər bütün qeydiyyatda olan nəqliyyat vasitələrinin təxminən 3%-ni təşkil edir, lakin motosiklet sürücüləri bütün yol qəzalarında ölənlərin 15%-ni təşkil edir və onlar digər nəqliyyat vasitələrinə nisbətən 28 dəfə daha yüksək ölüm riski daşıyır.
Kanada və Meksikada motosiklet istifadəsi
Kanadada motosiklet istifadəsi mövsümi xarakter daşıyır, əsasən yaz-yay aylarında istifadə olunur və bütün sürücülər və sərnişinlər üçün kaska məcburidir. Sürücülərin sürət həddinə riayət, kaska və qoruyucu geyimdən istifadə etməsi tövsiyə olunur.
Meksikada motosikletlər xüsusilə şəhər içi nəqliyyatda geniş istifadə olunur. Tıxacı azaltması və aşağı yanacaq xərci motosikleti cazibədar edir. Ticari məqsədlərlə də paket və kargo çatdırılmasında istifadə olunur. Bütün motosiklet sürücüləri və sərnişinlər üçün kaska məcburidir, sürücülərin vəsiqəsi, qeydiyyat və sığorta sənədləri olmalıdır. Bəzi bölgələrdə sərnişin sayı və ya yaş məhdudiyyətləri mövcuddur.
Cənubi Amerikada isə yüksək motosiklet istifadəsinə baxmayaraq, nəzarət çatışmazlığı müşahidə olunur. Kolumbiya, Braziliya, Peru və Venesuelada şəhər içi nəqliyyatın böyük hissəsi motosikletlə həyata keçirilir.
Yaponiya, Rusiya və Çin
Yaponiyada Honda, Suzuki, Yamaha və Kawasaki kimi markalarla motosiklet istehsalı genişdir. 2023-cü ildə ölkədə motosiklet istehsalı 572 minə çatıb. Böyük şəhərlərdə tıxac və məhdud parklanma səbəbi ilə motosikletlər xüsusilə populyardır.
Rusiya isə iqlim səbəbindən motosiklet istifadəsi az olan ölkələrdəndir. 2024-cü ilədək 145 milyon əhalisi olan ölkədə 2,1 milyon qeydiyyatdan keçmiş motosiklet mövcuddur.
Çində motosikletdən istifadə qaydaları sərtdir. Bir çox şəhərdə motosikletlərin mərkəzə və ya müəyyən yollarına girişi məhdudlaşdırılıb. Qaydaların pozulması ciddi cəzalar və inzibati tədbirlərlə nəticələnir.


