Bakıda motosiklet qəzalarının sayı artıb
Paytaxt Bakıda motosiklet qəzalarının sayı artıb. AFN.az xəbər verir ki, təkcə ötən gün Kliniki Tibbi Mərkəzə müxtəlif motosiklet qəzalarından bir-birinin ardınca 6 yaralı gətirilib.
Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, gətirilən yaralılardan 3 nəfərin vəziyyəti nisbətən ağır olduğuna görə xəstəxanaya yerləşdirilib, digər 3 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Aydın Əlizadə qeyd edib ki, bu cür qəzalar demək olar ki, hər gün baş verir: “Gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzasından yaralılar gəlir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya kuryerliklə məşğul olan sürücülərdir. Ötən gün 5 belə qəza baş verib ki, nəticədə 6 yaralı gətirilib. Onlardan biri hətta piyadanı vurmuşdu və hər ikisi yaralanmışdılar”.
Qeyd edək ki, hər ay motosiklet qəzalarından gələn yaralıların statistikasında artım baş verir.