Ayaqlarını kəsən cərrah dələduzluğa görə həbs edildi
İngiltərənin Kornuoll bölgəsində fəaliyyət göstərən 49 yaşlı damar cərrahı Nil Hopper öz ayaqlarını kəsdikdən sonra etdiyi saxta sığorta müraciətləri və ifrat zorakılıq məzmunlu video materialları səbəbindən 2 il 8 ay həbs cəzasına məhkum edilib.
2019-cu ildə hər iki ayağı diz altından amputasiya olunan Hopper vəziyyəti sepsis səbəbiylə baş vermiş kimi göstərərək sığorta şirkətlərindən ümumilikdə 466 min funt sterlinqdən çox təzminat tələb edib. Lakin məhkəmədə məlum olub ki, Hopper ayaqlarını buz və quru buzla özü dondurub.
Məhkəmədə Hopperın bir dostuna göndərdiyi mesajlarda sığorta prosesini “milk it” (istismar etmək) ifadəsi ilə təsvir etdiyi ortaya çıxıb. Həmçinin, hadisədən sonra media marağından zövq aldığı qeyd edilib.
Royal Cornwall Xəstəxanaları Fondu Hopperin əməliyyat qərarlarının müstəqil ekspertlər tərəfindən yoxlandığını və xəstələr üçün risk yaratdığına dair heç bir tapıntı olmadığını açıqlayıb. Ancaq əvvəlcədən Hopperin əməliyyat olunan bəzi xəstələri müalicələrinin zəruriliyi barədə narahatlıqlarını bildiriblər.
Cənub-Qərbi İngiltərədə fəaliyyət göstərən bir tibbi nöqsan hüquq bürosu Hopperin xəstələrində “şok və ciddi narahatlıq” yarandığını və buna görə də ictimaiyyət üçün geniş miqyaslı araşdırma aparılmasının lazım olduğunu bildirib.
Hopper 2013-cü ildən Royal Cornwall Hospitals NHS Trust-da işləyirdi. 2023-cü ilin mart ayında həbs olunub və 2023-cü ilin dekabrından etibarən tibb reyestrindən çıxarılıb.
Müdafiəsini aparan vəkil Endryu Langdon Hopperin uşaqlıqdan bədənindən uzaqlaşma hissi yaşadığını və ayaqlarını “istənməyən artıq” kimi gördüyünü bildirib. Lakin Hopper ayaqlarının kəsilməsinə peşman olmadığını, yalnız sığorta dələduzluğu səbəbindən dərin peşmanlıq duyduğunu qeyd edib.
Crown Prokurorluğu Hopperin qanunsuz yolla əldə etdiyi vəsaitin geri alınması üçün 2022-ci il “Proceeds of Crime Act” qanunu çərçivəsində tədbir görüləcəyini açıqlayıb.




