İspaniyada bu il 10 dəfə çox sahə yanğından zərər görüb
Avropa Ətraf Mühiti İzləmə Proqramı “Copernicus”a bağlı Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS)nin məlumatları göstərir ki, ötən illə müqayisədə təxminən 10 dəfə artımla bu il İspaniyada 411 min 315 hektar meşə və kənd təsərrüfatı sahəsi yanıb.
EFFIS-in statistikasına görə, İspaniyada bu il baş verən meşə yanğınlarının sayı 252-yə çatıb.
Xüsusilə ölkənin şimal və qərb bölgələrində cəmləşən yanğınlar nəticəsində 411 min 315 hektar ərazi külə çevrilib. Halbuki 2024-cü ildə 219 yanğın qeydə alınmış, 42 min 615 hektarlıq sahə yanmışdı. Bu ilki göstərici ötən illə müqayisədə təxminən 10 dəfə çoxdur.
Hazırda Leon şəhəri ətrafı başda olmaqla meşəlik ərazilərdə 14 nöqtədə alovlar hələ də davam edir.
Digər tərəfdən, Daxili İşlər Nazirliyi iyun ayından bəri meşə yanğınlarına səbəb olduqları üçün 133 nəfər barəsində istintaq başladıldığını, onlardan 45-nin isə həbs edildiyini açıqlayıb.
İber Yarımadasında yanğınlarla mübarizə aparan digər ölkə olan Portuqaliyada isə yalnız iyul və avqust aylarında 250 min hektardan çox ərazi yanıb.
Ölkənin Arganil bölgəsində 13 avqustda başlayan və üç rayona təsir edən yanğınlarda ümumilikdə 64 min hektar ərazi kül olub. Rəsmi şəxslər bunun indiyədək Portuqaliyada qeydə alınmış ən böyük yanğın sahəsi olduğunu bildiriblər.
Avqustun əvvəlindən etibarən meşə yanğınlarına qarşı ciddi mübarizə aparan Portuqaliya yeni həftəyə nisbətən sakit başlayıb.




