Portuqaliyada minlərlə hektarda meşələr yanır


Portuqaliyada yanğınsöndürənlər temperaturun kəskin yüksəlməsi fonunda minlərlə hektar ərazini bürümüş meşə yanğınları ilə mübarizə aparır.


BBC-nin məlumatına görə, cənubdakı Odemira şəhəri yaxınlığında baş verən yanğının söndürülməsində təxminən 800 yanğınsöndürən iştirak edib, 1400-dən çox insan təxliyə olunmağa məcbur olub. Hadisə zamanı azı 9 yanğınsöndürən yaralanıb.

Bu həftə Pireney yarımadasının böyük hissəsində temperaturun 40°C-dən yuxarı qalxacağı gözlənilir.

Həftə sonu İspaniyada yüzlərlə hektar ərazini yandıran üç böyük yanğın nəzarət altına alınıb, lakin ölkənin böyük bir hissəsində hava xəbərdarlığı qüvvədə qalır.

Portuqaliyada, bazar ertəsi Santaremdə +46,4 temperatur qeydə alınıb ki, bu da bütün ilin ən istisi olub.

Odemira yaxınlığındakı yanğın şənbə günü başlayıb və güclü küləklər tərəfindən cənuba doğru Portuqaliyanın əsas turizm bölgəsi olan Alqarve təpələrinə sovrulub.

İndiyədək təxminən 6700 hektar ərazi yanıb, ümumilikdə 19 kənd, dörd turist yaşayış yeri və bir düşərgə boşaldılıb.

Ölkənin mərkəzində digər böyük yanğınlar avtomobil yolunun bir neçə hissəsinin, o cümlədən Lissabon və Porto arasında A1 avtomobil yolunun hissələrinin bağlanmasına səbəb olub.

İki bölgədə yanğınsöndürmə səylərini dəstəkləmək üçün su şırnaqları daşıyan 16 təyyarə yerləşdirilib.

Səlahiyyətlilər Portuqaliya boyu 120-dən çox bələdiyyəni meşə yanğınları təhlükəsi altında elan ediblər.

İspaniyada cənub-qərb sahil şəhərləri olan Cadiz və Huelva yaxınlığında və Kataloniyanın şimal bölgəsində şənbə və bazar günləri yanğınlar 1000 hektardan çox ərazini yandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu