İran XİN rəhbəri: ABŞ-ın sanksiyaları insanlığa qarşı cinayət kimi tanınmalıdır

İranın xarici işlər naziri Abbas Əraqçi, aşağı gəlirli ölkələrdə yüz minlərlə insana təsir edən ABŞ sanksiyalarının insanlığa qarşı cinayət kimi tanınmasını tələb edib.
AFN.az xəbər verir ki, bu barədə o, özünün X hesabında yazıb. "ABŞ və onun tərəfdaşlarının qeyri-insani sanksiyalarını bəşəriyyətə qarşı cinayət kimi tanımağın vaxtı çoxdan çatıb. Sanksiyaya məruz qalan ölkələr bu məhdudiyyətlərə vahid reaksiya formalaşdırmaq üçün səyləri əlaqələndirməlidir", - deyə Əraqçi bildirib.
Nazir “The Lancet”də dərc olunan araşdırmanın nəticələrinə istinad edib. Alimlərin fikrincə, ABŞ və Avropanın iqtisadi sanksiyalarının aşağı gəlirli ölkələrin səhiyyə sistemlərinə mənfi təsiri 1971-ci ildən 2021-ci ilə qədər hər il 560 mindən çox insanın vaxtından əvvəl ölümünə səbəb olub. Bu, həmin dövrdə hərbi münaqişələrdə illik ölüm göstəricisindən 5 dəfə çoxdur. Araşdırmada dünyanın 152 ölkəsinə qarşı sanksiya halları təhlil edilib.
Tədqiqatçıların fikrincə, Avropa və Amerika sanksiyaları adi vətəndaşlar üçün BMT-nin tətbiq etdiyi məhdudiyyətlərdən daha ağır nəticələrə səbəb olur, çünki Vaşinqton və Brüssel əhalinin həyat şəraitinin pisləşməsini bəyənmədikləri rejimlərin siyasi rəhbərliyinə təzyiq üçün qanuni alət hesab edirlər.