ABŞ Kamboca və Tailand arasında sülh danışıqlarına dəstək verəcək

ABŞ administrasiyası Kamboca ilə Tailand arasında sərhəd münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yaydığı bəyanatda bildirilir.
"ABŞ Dövlət Departamentinin nümayəndələri bu sülh təşəbbüslərinə dəstək vermək üçün Malayziyada fəaliyyət göstərir. Həm prezident Donald Tramp, həm də mən hər iki ölkənin nümayəndələri ilə əlaqədəyik və vəziyyəti yaxından izləyirik. İstəyirik ki, bu münaqişə tezliklə sona çatsın", – deyə bəyanatda qeyd olunur.
İyulun 26-da Tramp Kambocanın baş naziri Hun Manet və Tailandın baş nazirinin səlahiyyətlərini icra edən Phumtham Veçayaçai ilə telefon danışığı aparıb. Hər iki tərəf atəşkəs üçün danışıqlara hazır olduqlarını bildirib.
Malayziyanın xarici işlər naziri Moxamad Həsən isə açıqlayıb ki, Tailand və Kamboca liderləri iyulun 28-də Malayziyada görüş keçirəcəklər.