KİV: Tramp Ukraynaya “Tomahawk” raketlərinin verilməsi məsələsini nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp Ukraynaya uzun mənzilli “Tomahawk” qanadlı raketlərinin göndərilməsi imkanını nəzərdən keçirib.
AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin icmalçısı Deyvid İqneyşıs öz mənbələrinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, raketlərin Kiyevə ötürülməsi məsələsi iyulun 11-də müzakirə olunub, lakin hələlik bu silahlar tədarük siyahısına daxil edilməyib.
İqneyşıs qeyd edir ki, ABŞ administrasiyası “Tomahawk” raketlərini gələcəkdə Ukraynaya təqdim edə bilər. Onun fikrincə, bu, Trampın daha çox siyasi təsir rıçaqları əldə etmək istəyi ilə bağlı ola bilər.
“Tomahawk” raketləri ABŞ-ın ən güclü və dəqiq uzaqmənzilli silahlarından sayılır və yüzlərlə kilometr uzaqda yerləşən strateji hədəfləri məhv etmək gücünə malikdir. Onların Ukraynaya verilməsi Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlər üçün ciddi təhlükə yarada bilər.