Böyük Britaniyanın müdafiə naziri Ukraynaya uzaqmənzilli raketlərin təhvil verildiyini təsdiqləyib
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles İcmalar Palatasının üzvlərini Ukraynaya hərbi yardımın davam etdirilməsi barədə məlumatlandırıb və Kiyevə uzaqmənzilli “Storm Shadow” raketlərinin çatdırılacağını təsdiqləyib.
AFN.az xəbər verir ki, İcmalar Palatasında çıxış edən Böyük Britaniya Müdafiə Naziri bildirib ki, “Storm Shadow” raketlərinin istifadəsi “Ukraynaya Rusiya qüvvələrini suveren ərazidən geri çəkməyə imkan verəcək”. Həmçinin onun sözlərinə görə, Kiyevə ötürülən raketlərin uçuş məsafəsi 250-300 km təşkil edir ki, bu da “Storm Shadow”un ixrac versiyasının xüsusiyyətlərinə uyğundur. Eyni zamanda Uolles bu silahların tədarükü ilə bağlı detalları müzakirə edə bilməyəcəyini vurğulayıb.
Onun bəyanatı Britaniya hökumətinin saytında da dərc olunub. Qeyd olunur ki, "Storm Shadow" dəqiq zərbələr endirmək üçün uzun mənzilli bir vasitədir. Raket artıq Kiyevə təhvil verilmiş silahların içində o cümlədən HIMARS və Harpoon raketlərindən, Neptun qanadlı raketlərindən daha da uzun mənzilli döyüş sursatıdır.
Öz növbəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskvada Londonun raketləri ötürmə qərarına son dərəcə mənfi yanaşırlar. Onun sözlərinə görə, buna adekvat cavab Rusiya hərbçiləri tərəfindən veriləcək.