CNN: Böyük Britaniya Ukraynaya "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri tədarük edir
Böyük Britaniya Ukrayna ordusunu “Storm Shadow” uzaqmənzilli gizli qanadlı raketlərlə təchiz edib.
AFN.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən Qərb rəsmilərinə istinadən CNN məlumat yayıb. Qeyd olunur ki, bu raketlər əsasən havadan atılan silahlardır.
Britaniya Ukraynaya bir sıra “Storm Shadow” qanadlı raketləri təqdim edərək, Rusiya qüvvələrinə qarşı gözlənilən hücumdan əvvəl Ukrayna ordusuna yeni uzaqmənzilli zərbə imkanları verib.
CNN mənbələrindən biri iddia edir ki, Kiyev Londonu Rusiya regionlarına “Storm Shadow”dan zərbələr endirməyəcəyinə inandırıb.
"Storm Shadow"un uçuş məsafəsi təxminən 250 km-dir. Bu, Vaşinqtonun əvvəllər Kiyevə tədarük etməkdən imtina etdiyi ATACMS taktiki ballistik raketlərindən heç də az gücə malik deyil.
Telekanal onu da xatırladıb ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinə ötürülən Amerika silahlarının istifadə radiusu 78,8 km-dən çox deyil.