İrandan İsrail agentlərinə çağırış - Sabaha qədər təslim olun

İranın Ali Milli Təhlükəsizlik Şurası ölkədə İsraillə əməkdaşlıq edən şəxslərə sabaha qədər təslim olmaları ilə bağlı çağırış edərək, bu müddətdən sonra həmin şəxslərə ən ağır cəzaların tətbiq olunacağını açıqlayıb.
Ali Milli Təhlükəsizlik Şurasının Baş Katibliyinin yaydığı bəyanatda bildirilir ki, İsrail tərəfindən aldadılmış, bilərəkdən və ya bilmədən İsraillə hər hansı bir əlaqə qurmuş şəxslər 1 Tir (22 iyun) tarixinə qədər özlərini səlahiyyətli orqanlara bildirərsə, İslam əfvi çərçivəsində cəzadan azad oluna bilərlər.
Açıqlamada göstərilir ki, bu tarixdə təslim olmayan şəxslər döyüş şəraitində düşmənlə əməkdaşlıq edən “beşinci kolon” kimi qiymətləndiriləcək və onlar casusluq və ya hərbi əməkdaşlıq ittihamları ilə ən ağır şəkildə cəzalandırılacaqlar.
Xüsusilə pilotsuz uçuş aparatları (PUA), rabitə vasitələri, silah və ya digər hərbi avadanlıqla yaxalanan şəxslərə dərhal hüquqi tədbir görüləcəyi vurğulanıb.