Rauf Quliyev həbs edildi


TTQ GRUP MMC-nin direktoru, "Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.



AFN Musavat.com-a istinadla xəbər verir ki, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs edilib. Ondan şikayətçi olan bir neçə nəfər var.



İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-yə, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyyən edilib.



Həmçinin Rauf Quliyev TTQ GRUP MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi və sənədləşdirilməsi adı ilə pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə Rauf Quliyevə 5 min, 10 min, 35 min manat məbləğlərində pul verən şəxslər olub.



Zərərçəkmişlərdən Qasım Kazımov və digər 3 şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.



Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: "Rauf Quliyevin adamları TTQ GRUP MMC adından elan saytlarında 'Fərdi evlərin nağd və kreditlə tikilib satılması' başlıqlı reklam yerləşdirirlər. Ötən ilin 30 noyabrında mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Mənə şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət 'Kotec' qəsəbəsi deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə 4 ay ərzində təhvil verəcəklər”.



Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb:



"Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada TTQ GRUP MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən 20 min pulu Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən 4 ay müddətinə evi tikib tam təhvil verəcək”.



Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir: "Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər... Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi çoxsaylı adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə 4 nəfər - Vüsal Mustafayev (18 000 AZN), Zülfiyyə Zeynalova (25 000 AZN), Emin (21 000 AZN) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür".



Rauf Quliyev pul aldığı şəxsləri aldadaraq vədinə əməl etməyib. Zərərçəkmiş şəxslər ondan şikayətçi olub və pullarını tələb edib. Rauf Quliyev həbs ediləndən sonra zərərçəkmişlərdən bir neçəsinin zərərinin az bir hissəsini ödəyib.



Məhkəmə araşdırması zamanı məlum olub ki, şikayətçilər Rauf Quliyevə qarşı mülki iddia ilə yanaşı mənəvi zərərə görə də iddia irəli sürüblər.



Rauf Quliyev törətdiyi əmələ görə özünü qismən təqsirli bilib və bəzi epizodlarda vurulmuş ziyanın məbləği ilə razılaşmayıb.



İstintaq dövründə Rauf Quliyev bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxaldıqdan sonra yenidən həbs edilib. Məhkəmənin hökmü ilə Rauf Quliyev 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.



Rauf Quliyevlə birlikdə adı çəkilən şirkətin əməkdaşı Elnur Babayev də həbs edilib. Onlar əlbir olaraq dələduzluqda ittiham olunublar. Elnur Babayevin adı şirkət adında edilən dələduzluq epizodlarında keçir. Elnur Babayev də 3 il müddətinə azadlıqdan məhrum edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu