Britaniyada uşaqlara qarşı seksual cinayətlərlə bağlı araşdırma başladılır


Kütləvi seksual cinayətlərlə bağlı ümummilli araşdırmaya nəhayət illər sonra start verilir



1997–2013-cü illər arasında təxminən 1 400 uşaq əsasən pakistan mənşəli britaniyalılar tərəfindən törədilən seksual zorakılığın qurbanı olub.



Böyük Britaniya hökuməti şimal bölgələrində azyaşlı qızlara qarşı törədilmiş kütləvi seksual cinayətlərlə bağlı ümummilli araşdırma aparacaq.



AFN.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer Kanadada keçiriləcək G7 sammitinə yola düşərkən jurnalistlərlə təyyarədə söhbətində bildirib.



Qeyd edək ki, Britaniyada əvvəllər mövcud olan hökumətlər belə bir araşdırmanı başlatmaqdan imtina edib. Starmerin sözlərinə görə, o, Lordlar Palatasının üzvü və daha öncə Roterdemdəki uşaq istismarı qalmaqalını araşdırmış Luiza Keysinin tövsiyəsi əsasında bu qərarı verib. Baş nazir bildirib ki, Keysi bu cür hallarla bağlı ümummilli araşdırmanın zəruri olduğu qənaətinə gəlib.



Kütləvi zorlamalar və uşaqların seksual istismarı halları İngiltərənin şimalındakı bir sıra şəhərlərdə 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərindən 2010-cu illərin ortalarınadək baş verib və əsasən Pakistan əsilli şəxslər tərəfindən törədilib. Problemin aktuallığı 2024-cü ilin əvvəlində yenidən gündəmə gəlib – səbəb isə daxili işlər nazirinin müavini Jess Fillipsin Oldham şəhər şurasının müraciətinə baxmayaraq, milli səviyyədə araşdırma aparmaqdan imtina etməsi olub.



Fillips hesab edib ki, bu cür istintaqlar yerli səviyyədə, Roterdem və Telford nümunəsində olduğu kimi aparılmalıdır. KİV-də onun imtinası Leyboristlər Partiyasının müsəlman seçicilərini itirməmək istəyi ilə əlaqələndirilib.



İllərlə ört-basdır edilən və ya görməməzlikdən gələn bu cinayətlər yalnız 2012-ci ildən sonra ictimailəşməyə başlayıb. 2024-cü ilin iyulunda Leyborist hökumətinin başçısı seçilən Starmer 2008–2013-cü illərdə Britaniyanın Kral Prokurorluq Xidmətinə rəhbərlik edib və daha əvvəl bəyan edib ki, bəzi hallarda polis və prokurorluq əməkdaşları irqi ayrı-seçkilik və islamofobiya ilə ittiham olunmaq qorxusundan etnik və dini azlıqların nümayəndələrini məsuliyyətə cəlb etməkdən çəkiniblər.



BBC-nin məlumatına əsasən, Roterdemdə aparılmış araşdırma nəticəsində məlum olub ki, təkcə 1997–2013-cü illər arasında 1 400-ə yaxın uşaq seksual zorakılığa məruz qalıb. Telford şəhərində isə son 40 il ərzində təxminən 1 000 qız bu cür cinayətlərin qurbanı olub. Yalnız bu iki şəhərdə yüzdən çox şəxs törətdikləri cinayətlərə görə məhkum edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu