Tramp polad və alüminium tariflərini 50 faizə qaldırdı

ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq olunan 25 faizlik gömrük rüsumunun 50 faizə yüksəldilməsi barədə fərmanı imzalayıb.
Fərmanda bildirilir ki, ABŞ-ın polad və alüminium idxalı ölkənin milli təhlükəsizliyini təhdid edəcək həcmdə və şəraitdədir.
Polad və alüminiuma qarşı daha əvvəl tətbiq edilən 25 faizlik tarif xatırladılan sənəddə, bu tarifin müəyyən irəliləyişlər təmin etsə də, sənaye sektorunun istehsal gücündən davamlı şəkildə istifadə etməsinə imkan vermədiyi vurğulanıb.
Buna görə də fərmanda polad, alüminium və onların törəmə məhsullarına tətbiq olunan gömrük rüsumunun 25 faizdən 50 faizə yüksəldildiyi qeyd olunub. Yeni tariflərin 4 iyun tarixində yerli vaxtla saat 00:01-dən etibarən qüvvəyə minəcəyi bildirilib.
Keçən ay Böyük Britaniya ilə imzalanan ticarət sazişi çərçivəsində bu ölkəyə istisna tətbiq ediləcəyi və poladla alüminiuma tətbiq olunan gömrük rüsumlarının 25 faiz səviyyəsində saxlanılacağı fərmanda qeyd olunub. Həmçinin bu qərarın 9 iyuldan sonra yenidən nəzərdən keçiriləcəyi qeyd edilib.