Avropa İttifaqı ABŞ-a qarşı tarif tədbirlərini dayandıracaq

Aİ ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi tariflərə qarşı tədbirləri 90 gün müddətinə dayandıracağını açıqlayıb.
ABŞ Prezidenti Donald Trampın Çindən başqa bütün ticarət tərəfdaşlarına tətbiq edilən əlavə tarifləri 90 gün müddətinə dayandıracağını elan etdikdən sonra Aİ Komissiyasının sədri Ursula Von der Leyen sosial media hesabında bunları paylaşıb.
Trampın tariflərlə bağlı açıqlamalarını nəzərə aldıqlarını və danışıqlara şans vermək istədiklərini vurğulayan Von der Leyen "Üzv dövlətlərimizdən güclü dəstək gördüyümüz AB əks tədbirlərinin qəbulunu tamamlayana qədər onları 90 gün müddətinə dayandıracağıq" deyib.
Von der Leyen danışıqların qənaətbəxş nəticə vermədiyi təqdirdə əks tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, dünən Aİ-yə üzv ölkələr ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi 25 faizlik tariflər səbəbilə gələn həftə ilk əks tədbirləri həyata keçirməyə qərar verdiyini açıqlamışdı. Komissiyanın bəyanatında bu tədbirin ABŞ-ın AB-dən polad və alüminium idxalına gömrük rüsumları tətbiq etmə qərarına cavab olaraq alındığı bildirilmişdi.
Bəyanatda Aİ-nin ABŞ ilə balanslaşdırılmış və qarşılıqlı faydalı danışıqlar prosesi vasitəsilə nəticə əldə etməyə üstünlük verdiyi və əks tədbirlərin aprelin 15-dən qüvvəyə minəcəyi qeyd edilib.