İnsan zehnini kompüterə yükləmək bir gün mümkün ola bilər

Mütəxəssislərə görə “zehin ötürülməsi” bu günlərdə elmi fantastika kimi görünsə də, əsrlər ərzində gerçəyə çevrilə bilər.
Zehnimizi kompüterə köçürüb rəqəmsal şəkildə sonsuzadək yaşamaq mümkündürmü? “Zehin yüklənməsi” (mind uploading) adlandırılan bu qeyri-adi fikir mütəxəssislərin fikrincə bir gün reallığa çevrilə bilər.
Corciya Texnologiya İnstitutunun psixologiya professoru Dobromir Rahnev-in sözlərinə görə, nəzəri baxımdan insan şüurunun rəqəmsal mühitə ötürülməsi mümkündür, lakin elmi baxımdan bu hədəfə çatmaq hələ çox uzaqdadır.
Zehin yüklənməsi nə deməkdir?
Bu anlayış beynimizin bütün struktur və funksional xüsusiyyətlərinin kompüterə köçürülməsi və nəticədə mənliyimizin və şüurumuzun rəqəmsal bir surətinin yaradılması mənasını verir.
Beləliklə insan bədənindən asılı olmayaraq virtual bir mühitdə mövcudluğunu davam etdirə bilər. Yemək yemək, avtomobil sürmək, idman etmək kimi fiziki fəaliyyətlərlə yanaşı, divarlardan keçmək, uçmaq və ya başqa planetlərə getmək kimi real dünyada qeyri-mümkün olan təcrübələr də yaşana bilər.
Lakin bu rəqəmsal həyatın davamlı və sağlam olması üçün beynin hiss orqanlarından gələn siqnallara çıxış imkanı olmalıdır. Rahnev bildirib ki, yalnız zehni bir boşluqda yaşamaq hiss çatışmazlığı səbəbindən ciddi psixoloji problemlərə səbəb ola bilər.
Beyni kopyalamaq üçün inqilabi texnologiyalar tələb olunur
İnsan beynində təxminən 86 milyard neyron və trilyonlarla əlaqə mövcuddur. Bunların üçölçülü xəritəsini çıxarıb funksiyalarını dəqiq şəkildə modelləşdirmək son dərəcə mürəkkəb bir prosesdir. İndiyədək yalnız bir milçəyin beyninin tamamı və siçan beyninin çox kiçik bir hissəsi xəritələndirilə bilib.
Rahnevə görə, yalnız neyronları skan etmək kifayət deyil, çünki hər bir neyron zamanla özünü yenidən tənzimləyir. Bu dinamik proseslər də modelləşdirilməlidir. Həmçinin hər bir neyronun süni versiyası ilə bir-bir dəyişdirilə bilməsi bu mərhələdə qeyri-mümkün görünür.
2045 çox nikbin bir təxmin ola bilər
Zehin yüklənməsi ilə bağlı ən nikbin proqnozlar 2045-ci ili göstərsə də, Rahnev bu proqnozların həddindən artıq nikbin olduğunu bildirir. Onun fikrincə bu texnologiyanın həyata keçməsi üçün 100 ildən çox vaxt lazım ola bilər, lakin 200 il ərzində mümkün ola bilər.
Texnologiya sürətlə inkişaf edir, resurslar boldur
Süni intellekt və informasiya texnologiyalarının sürətli inkişafı ilə zehin yüklənməsi prosesində lazım olan emal gücü və alqoritmlər zamanla təkmilləşə bilər. Üstəlik bir çox milyarder ölümsüzlük ümidi ilə bu cür layihələrə böyük sərmayələr qoymağa hazırdır.
Rahnev
“Hazırda zehin yüklənməsindən çox uzaqdayıq. Amma bir gün bu texnologiya reallığa çevrilə bilər. O gün gəldikdə, bəlkə də ilk rəqəmsal ölümsüz insan artıq dünyaya gəlib”
deyə qeyd edib.