Taylandda tanker qəzası: Yüzlərlə litr benzin yola axdı

Taylandın paytaxtı Banqkokda ötən gecə konteyner daşıyan yük maşını ilə yanacaq tankeri toqquşub. Hadisə nəticəsində tankerdəki 16 min litr benzindən təxminən 600 litri yola axıb.
Banqkokun Rat Burana bölgəsində yaşayış və ticarət obyektlərinin sıx yerləşdiyi küçədə baş verən qəza zamanı tankerin yan tərəfə aşdığı, ətraf mühit üçün böyük təhlükə yarandığı bildirilib.
Hadisə nəticəsində yüngül xəsarət alan iki sürücüyə hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları müdaxilə edib. Yanğınsöndürənlər isə partlayış riski səbəbilə ərazini nəqliyyatın hərəkəti üçün bağlayıb, ətrafdakı 150 nəfər təxliyə olunub.
Sızma səbəbindən yayılan kimyəvi qoxu ətrafda narahatlıq yaradıb. Banqkok Yanğınsöndürmə İdarəsinin əməkdaşları ilkin olaraq tankerin ətrafını və sızan benzini kimyəvi yanğın köpüyü ilə örtüb. Daha sonra isə tankerdə qalan yanacağı digər bir tankə köçürüblər.
Polis hadisənin səbəbini müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntülərini araşdırmağa və insidentlə bağlı istintaqa başlayıb.