Tədqiqat: Depressiya xroniki ağrıdan illər əvvəl başlayır


Böyük Britaniyada aparılan yeni bir araşdırma xroniki fiziki ağrılarla psixi sağlamlıq arasında mühüm əlaqəni ortaya çıxarıb. University College London (UCL) alimlərinin 21 il ərzində 7 min 300-dən çox insanın məlumatları üzərində apardığı tədqiqat göstərib ki, depressiya və tənhalıq kimi əlamətlər ağrı başlamazdan xeyli əvvəl müşahidə olunur.



Nəticələrə əsasən, bel, diz, omba və ya ayaq ağrısı yaşayan şəxslər, bu ağrılar başlamazdan əvvəlki illərdə daha yüksək səviyyədə psixoloji gərginlik yaşayıblar. Nəticələr eClinicalMedicine jurnalında dərc olunub.



Araşdırmanın müəllifi Dr. Mikaela Bloomberg bildirib ki, ağrı ilə depressiya arasındakı əlaqə məlum idi, lakin bu əlaqənin zamanlaması aydın deyildi:



“Depressiv əlamətlər və tənhalıq ağrıdan illər əvvəl başlayır və zamanla dərinləşir.”



O əlavə edib ki, erkən dövrdə göstərilən psixoloji dəstək və sosial yardım ağrının qarşısını almaqda mühüm rol oynaya bilər.



Sosial-iqtisadi vəziyyət də rol oynayır



Tədqiqat göstərib ki, gəliri və təhsil səviyyəsi aşağı olan insanlarda depressiya daha ağır formada keçir. Depressiya və tənhalıq əlamətləri ağrıdan əvvəl tədricən artır, ağrı başladıqda isə pik həddə çatır və sonradan yüksək səviyyədə qalır.



Mütəxəssislər xəbərdarlıq edir



Araşdırma müəllifləri bildirir ki, Avropada hər 10 nəfərdən 4-ü xroniki ağrıdan əziyyət çəkir. Bu baxımdan, psixoloji faktorların vaxtında müəyyən olunaraq müdaxilə edilməsi, sağlamlıq sistemlərində ağrı ilə mübarizəyə dair daha təsirli və kompleks yanaşma tələb edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu