Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək


Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

AFN.az “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.

Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış və ya qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb. Bütün sahə Mərkəzi Parka birləşdiriləcək.

Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin isə hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə çoxlu sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, bu kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Bu səbəbdən çıxış yolları axtarılır.

Əldə olunan digər məlumata əsasən, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödəniləcək kompensasiya məbləği ilə bağlı qərar veriləcəyi gözlənilir.

Bəs həmin ərazilərdəki tarixi abidələrin taleyi necə olacaq?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, ərazidəki tarixi abidələr qorunacaq. Mərkəzi Parkın genişləndirilməsi zamanı həmin əraziyə düşəcək tarixi və mədəniyyət abidələrinin siyahısı artıq tutulub.

Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi və Çingiz Mustafayev küçələri arasında 72 tarix və mədəniyyət abidəsi yerləşir.

Məsələ ilə bağlı vətəndaş müraciətləri qəbul edilib, aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar və müzakirələr aparılıb. Dövlət Xidməti tarixi abidələrlə bağlı məlumatları təqdim edib. Həmin abidələr dövlət mühafizəsindədir və onların sökülməsi nəzərdə tutulmur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu