"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikilir - RƏSMİ

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, 10 dekabr 2024-cü il tarixində sözügedən komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Xatırladaq ki, 2019-cu ildə “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi sökülüb və o vaxtdan ərazidə hər hansı tikinti işi aparılmayıb.