Aİ liderləri Putin sülhə hazır olana qədər ona təzyiq etmək niyyətindədir

Avropa İttifaqı Vladimir Putin Ukrayna ilə danışıqlarda “sülhə hazır” olana qədər Moskvaya təzyiqi artırmaq niyyətindədir.
AFN.az "France 24"-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin görüşə hazır olduğunu, lakin Putinin gəlmədiyini deyib. “Bu, bir şeyi nümayiş etdirir: Prezident Putin sülh istəmir. Biz isə sülh istəyirik və prezident Putin buna hazır olana qədər təzyiqləri artırmalıyıq”, - deyə fon der Leyen Tiranada Avropa Siyasi Birliyinin sammitinə gələrkən deyib.
Onun sözlərinə görə, paketə “Şimal axını 1” və “Şimal axını 2”-yə qarşı sanksiyalar daxil olacaq: “Bura Rusiyanın kölgə donanmasının daha çox gəmilərinin siyahısına salınması, həmçinin neftin qiymətinin aşağı salınması və Rusiyanın maliyyə sektoruna sanksiyaların sərtləşdirilməsi daxildir”, - Avropa Komissiyasının rəhbəri bildirib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da hesab edir ki, Ukrayna danışıqlarındakı son hadisələr Rusiyanın sülh istəmədiyini göstərir və Moskvaya “təzyiq” etməyə çağırır. “Biz aydın görürük ki, Rusiya sülh istəmir, amma hamı istəyir”, - deyə o Tiranada deyib
NATO-nun baş katibi Mark Rutte isə deyib ki, Putin İstanbulda Ukrayna ilə danışıqlara ikinci dərəcəli komanda göndərməklə səhv edib. O, Avropa Siyasi Birliyinin sammitinə gələrkən deyib: “Mən hesab edirəm ki, Putin böyük səhv edib. O, topun öz meydançasında olduğunu, çətin vəziyyətdə olduğunu və böyük səhvə yol verdiyini çox yaxşı bilir”.