Tramp Heqsetin mümkün istefası ideyasını rədd edir

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Yəməndəki hərbi zərbələri haqda məlumatların sızması ilə bağlı siqnal mesajlaşma qalmaqalından sonra müdafiə naziri Pit Heqsetin istefa verməsi məsələsinə münasibət bildirib.
AFN.az xəbər verir ki, o, Pentaqon rəhbərinin istefa verməli olduğu ilə bağlı fikirləri rədd edib. Tramp Ağ Evdə jurnalistlərin müvafiq sualına cavab olaraq bildirib ki, Heqset əla iş görür: "Onun bu məsələ ilə heç bir əlaqəsi yox idi".
Qeyd edək ki, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq məqalə dərc edərək, martın 11-də "Mike Uolts" (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisinin adı) ləqəbli istifadəçidən “Signal” messencerinə qoşulmaq üçün müraciət aldığını bildirib. İki gün sonra jurnalist ABŞ administrasiyasının üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi qrup söhbətinə əlavə olunduğu barədə bildiriş alıb. Jurnalistin sözlərinə görə, martın 15-də Pit Heqset adlı istifadəçi Yəməndə husilərə qarşı qarşıdan gələn zərbələrin təfərrüatlarını, o cümlədən hədəflər, silahlar və zərbələrin gözlənilən başlama vaxtını özündə əks etdirən mesaj yerləşdirib ki, bu da Qoldberqin sözlərinə görə, partlayışlarla bağlı sosial mediada ilk paylaşımların dərc edildiyi vaxta təsadüf edir.