Finlandiya ATƏT-in himayəsi altında Ukraynada sülhməramlıların yerləşdirilməsinə razıdır

Ukraynada atəşkəs xətti boyunca potensial sülhməramlı missiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında təşkil oluna bilər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib.
O bildirib ki, bir variant atəşkəs xəttinə nəzarət etməkdir. Onun sözlərinə görə, belə bir missiya ATƏT-in himayəsi altında təşkil oluna bilər. "Sülhün qorunması gücdən fəal istifadə tələb edir. ABŞ-dan müxtəlif siqnallar gəlsə də, indiki vəziyyətdə ən mühüm müttəfiqimizlə transatlantik əlaqələri gücləndirmək mütləqdir. Avropa və Finlandiyanın təhlükəsizliyi böyük ölçüdə ABŞ-ın töhfəsindən asılıdır" - deyə baş nazir vurğulayıb.
Yanvar ayında Finlandiya 2025-ci ildə ATƏT-ə sədrliyi öz üzərinə götürdü.
Böyük Britaniyanın baş naziri Key Starmer bir müddət əvvəl bildirib ki, münaqişənin həlli üçün Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərməyə hazırdır. Hollandiyanın baş naziri Dik Şof da müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Ukraynaya sülhməramlıların göndərilməsini istisna etmədiyini deyib.