AK Rusiya qazının bərpasını sülh danışıqları ilə əlaqələndirməkdən imtina edir
Avropa Komissiyası (AK) Rusiya qazının Aİ-yə tədarükünün bərpası imkanlarını Ukrayna üzrə sülh danışıqları ilə əlaqələndirməkdən imtina edir.
Bunu qurumun xarici siyasət xidmətinin nümayəndəsi Anita Hipper Aİ-nin bir neçə üzv dövlətinin Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək sazişin mətninə Rusiya qaz kəməri ilə qaz tədarükünün bərpasını salmağı təklif etdiyi barədə xəbəri şərh edərkən bildirib.
"Bizim sülh danışıqları ilə heç bir əlaqəmiz yoxdur. Bu cür danışıqlar baş tutanda onlar Ukrayna ilə olacaq. Biz qaz tədarükü ilə sülh danışıqları arasında hər hansı əlaqəni təsdiq etmirik", - deyə o qeyd edib.
Anita Hipper həmçinin bildirib ki, Ukraynasız Ukrayna üzrə danışıqlar aparılmayacaq.
2025-ci il yanvarın 1-dək Rusiya Federasiyasından qaz Aİ-yə Ukrayna ərazisi ilə verilib. Kiyevin Moskva ilə müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən tranzit dayandırılıb.