Tramp FED-i inflyasiyanı dayandıra bilməməkdə günahlandırıb
ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı dayandıra bilmədiyini söyləyərək, "Əgər FED DEI, gender ideologiyası, yaşıl enerji və saxta iqlim dəyişikliyinə daha az vaxt sərf etsəydi, inflyasiya heç vaxt problem olmazdı" deyib.
Tramp özünün "Truth Social" hesabında inflyasiya ilə bağlı açıqlama verib.
FED sədri Jerome Povelin yaratdıqları inflyasiya problemini dayandıra bilmədiklərini iddia edən Tramp bu problemi dayandıracağını vurğulayıb.
Tramp ABŞ-da enerji kimi sahələrdə hasilatı artırmaq, tənzimləmələri azaltmaq və beynəlxalq ticarəti yenidən balanslaşdırmaqla inflyasiyanın qarşısını alacağını bildirib.
"Amma mən inflyasiyanı dayandırmaqdan daha çox şey edəcəm. Ölkəmizi maliyyə və digər sahələrdə yenidən güclü edəcəm" deyən Tramp, FED-in bank tənzimlənməsi ilə bağlı çox pis iş gördüyünü söyləyib.
Tramp ABŞ Maliyyə Nazirliyinin lazımsız tənzimləmələrini azaltmaq üçün çalışacağını qeyd edib və "Fed DEI, gender ideologiyası, yaşıl enerji və saxta iqlim dəyişikliyinə daha az vaxt sərf etsəydi, inflyasiya heç vaxt problem olmazdı. Bunun əvəzinə ölkəmiz tarixində ən pis inflyasiyanı yaşadı” deyə əlavə edib.
DEI proqramı nədir?
Müxtəliflik, bərabərlik və inklüzivlik adı altında həyata keçirilən DEI proqramı, xüsusilə iş yerlərində və məktəblərdə daha ədalətli və bərabər mühit yaratmaq üçün fəaliyyət göstərir. Bəzi universitetlərin DEI proqramları üçün maliyyə vəsaiti var.
Digər tərəfdən, DEI son illərdə siyasiləşdiyinə və öz ideologiyasını diktə etdiyinə görə tənqid olunur.
ABŞ-ın Florida ştatındakı universitetlərdə DEI proqramlarının maliyyələşdirilməsi 2023-cü ildə ayrı-seçkiliyi, təcridetmə və təlqini təmsil etdiyi üçün ləğv edilib.