BMT: İsrailin Qəzzaya yardımla bağlı məhdudiyyətləri davam edir

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefani Tremblay bildirib ki, onlara bağlı təşkilatlar Qəzzaya humanitar yardım çatdırmağa çalışırlar, lakin İsrail tərəfindən giriş məhdudiyyətləri davam edir.
Tremblay BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkil edilən gündəlik mətbuat konfransında jurnalistlərin Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.
BMT rəsmisi bildirib ki, aktiv döyüşlərə və İsrailin məhdudiyyətlərinə baxmayaraq, BMT-nin rəhbərlik etdiyi iki humanitar missiya dekabrın 20-də Qəzzanın şimalında mühasirəyə alınmış ərazilərə daxil ola bilib.
Tremblay sözügedən yardım maşınlarının Qəzzanın şimalındakı Beyt Hanun və Kemal Advan xəstəxanasına çatdırıldığı, xəstəxana şəraitinin qeyri-kafi olması səbəbindən 8 xəstə və yoldaşlarının Qəzzadakı Əl Şifa xəstəxanasına köçürüldüyü məlumatını paylaşıb.
O qeyd edib ki, 18-22 dekabr tarixləri arasında Qəzzanın şimalına çatmaq üçün BMT-nin İsraildən tələb etdiyi 8 missiyadan yalnız ikisi təsdiqlənib.
Tremblay bu bölgələrdə insanların yardımın çatdırılmasından sonra daha şiddətli bir hücumun baş verə biləcəyindən narahat olduqlarını da söyləyib.
Qəzzadakı BMT rəsmilərinin İsrail səlahiyyətlilərinin Qəzzanın qərbindəki iki məhəllə üçün başqa bir təxliyə əmri verdiyi xəbərini qeyd edən Tremblay, bu vəziyyətin mülki insanları daha çox düşmənçiliyə məruz qoyduğunu və onları əsas xidmətlərdən məhrum etdiyini vurğulayıb.
BMT baş katibinin sözçünün müavini bildirib ki, İsrail 66 yardım maşınının Qəzzaya keçməsinə icazə versə də, dünən sözügedən konvoya hücum edib.
Tremblay bu səbəbdən 66 yardım maşınının yalnız 43-nün ehtiyacı olan fələstinlilərə çatdırıla bildiyini bildirib.
Konvoyun qalan hissəsinin İsrail ordusu tərəfindən gecikdirildiyini və buna görə də yük maşınlarının marşrut boyu talanlara məruz qaldığını bildirən Tremblay, sözügedən 23 TIR-ın itdiyi məlumatını paylaşıb.