BMT: Qəzzanın şərqində bir gündə 60 min insan didərgin düşüb
Birləşmiş Millətlər Təşkilatı bir gündə Qəzzanın şərqində 60 min insanın didərgin düşdüyünü açıqlayıb.
Təşkilatın sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, humanitar yardım tərəfdaşlarından aldığı məlumatlara görə, Qəzzanın şərqində insanların köçkünlüyə məcbur olması kəskin hal alıb.
"İsrail ordusunun Qəzzanın şərqindəki 28 yaşayış məntəqəsi üçün təcili təxliyyə əmrinin ardından dünən 60 min insan didərgin düşdü" - deyə Dujarrik bildirib.
Qəzzanın əl-Məvasi bölgəsinə edilən hücumlarda çox sayda insanın yaralandığını və onların yaxınlıqdakı səhra xəstəxanasına köçürüldüyünü deyən Dujarrik, oradan təxminən 5 min insanın köçdüyünü açıqlayıb.
Humanitar yardımın çatdırılmasında problemlərin davam etdiyini bildirən BMT sözçüsü İsrail rəsmilərinin Qəzzanın şimalına planlaşdırılan 100 humanitar yardım missiyasının yarısından azının keçməsinə icazə verdiyini qeyd edib.
Eyni zamanda bildirib ki, köçkünlərə dəstək olmaq üçün BMT onları izləyir.