Tramp Trüdoya böyük Kanada əyalətinin qubernatoru deyə müraciət edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu böyük Kanada əyalətinin qubernatoru adlandıraraq onu ələ salıb.
“Truth” sosial media hesabındakı paylaşımında Tramp “Dünən axşam böyük Kanada əyalətinin qubernatoru Castin Trüdo ilə nahar etmək çox xoş oldu” ifadələrini işlədib.
Gömrük rüsumunun 25 faiz artırılmasının Kanada iqtisadiyyatına mənfi təsir edəcəyini bildirən Tramp Trüdoya əyalət qubernatoru deyə müraciət edərək onu ələ salıb: "Nəticələr həqiqətən hamı üçün möhtəşəm olacaq. Gömrük tarifləri və ticarətlə bağlı dərin müzakirələrimizi davam etdirə bilək üçün qubernatoru tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".
Trampın bu paylaşımı Trüdonun Halifax Ticarət Palatasında keçirilən tədbirdə Trampın tarifləri artırmasının ABŞ istehlakçılarına mənfi təsirlərini şərh etməsindən sonra gəlib.
"Associated Press"in məlumatına görə, Trüdo tədbirdə "Düşünürəm ki, sərhədin cənubundakı insanlar Kanadadan gələn hər şeyə gömrük vergisinin qoyulmasının həyatı daha da bahalaşdıracağı həqiqətinə oyanmağa başlayırlar" deyib.
Qeyd edək ki, Trüdo noyabrın sonunda Trampla Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb.
Bildirək ki, Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.