Çin ABŞ-ın çip istehsalçısı "Nvidia" ilə bağlı antiinhisar təhqiqatına başlayıb


Çində ABŞ-ın çip istehsalçısı "Nvidia"ya qarşı antiinhisar qaydalarını pozduğuna görə araşdırmaya başlanıldığı açıqlanıb.



Çin Dövlət Bazar Tənzimləmə İdarəsindən verilən açıqlamada "Nvidia"nın İsrailin çip dizayn şirkəti "Mellanox Technologies"i satın alması prosesi Çinin Antiinhisar Qanununu pozduğu şübhəsi ilə araşdırılacağı bildirilib.

Çinin araşdırma addımı Co Bayden administrasiyası tərəfindən bu ayın əvvəlində ABŞ-da çip sənayesində tətbiq edilən əlavə məhdudiyyətlərdən sonra atılıb.

"Nvidia" 2019-cu ildə İsrailin şəbəkə bağlantısı məhsulları və həlləri hazırlayan "Mellanox"u 6,9 milyard dollara satın alıb. "Nvidia"nın qrafik emal bölmələri (GPU) və "Mellanox"un yüksək sürətli şəbəkə bağlantısı aparatları və onlarla əlaqəli proqram təminatının ədalətli, ağlabatan və ayrı-seçkiliyə yol vermədən Çin bazarına təqdim edilməsi şərti ilə Çin səlahiyyətliləri satışı 2020-ci ilin aprel ayında təsdiqləyib.

Bayden administrasiyası 2022-ci ildə Çinə ixrac üçün ABŞ-ın çip istehsalçıları "Nvidia" və AMDyə lisenziya tələbləri qoyub və yüksək texnologiyalı çip modellərinin ixracını qadağan edib.

Qeyd edək ki, Çin daha əvvəl ABŞ-ın yaddaş çipi istehsalçısı "Micron Technologies"ə qarşı kibertəhlükəsizlik araşdırmasına başlamışdı.

Çinin Kiberməkan Administrasiyasının (CAC) Kibertəhlükəsizlik Təhqiqat Ofisi tərəfindən aparılan araşdırma nəticəsində şirkətə mühüm infrastruktur layihələri həyata keçirən Çin şirkətlərinə çip və inteqral sxemlərin satışı qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu