Banqladeşdə keçmiş baş nazir Hasinanın həbsinə order verilib
Banqladeş məhkəməsi avqustun 5-də Hindistana qaçan keçmiş baş nazir Şeyx Hasina Vacidin bu ilin iyul və avqust aylarında kütləvi tələbə etirazları zamanı törətdiyi iddia edilən bəşəriyyətə qarşı cinayətlərə görə həbsə order verib.
Banqladeş mətbuatında çıxan xəbərlərə görə, Beynəlxalq Cinayətlər Məhkəməsi (İKT) keçmiş baş nazir Hasinaya qarşı irəli sürülən ittihamlarla bağlı qərarını açıqlayıb.
Məhkəmə Hasinanın bu ilin iyul və avqust aylarında tələbələrin kütləvi etirazları zamanı törətdiyi iddia edilən bəşəriyyətə qarşı cinayətlərə görə həbs olunmasına qərar verib.
Hasinanın Avami Liqası Partiyasına və bəzi məmurlara, eləcə də keçmiş yüksək vəzifəli hüquq-mühafizə orqanlarına qarşı 60-dan çox cinayət işi qaldırılıb. Bu ittihamlara zorla yoxa çıxma, qətl və soyqırım iddiaları daxildir.
İKT-nin oktyabrın 14-də verdiyi açıqlamada yüzlərlə insanın öldüyü tələbə etirazlarından sonra Hindistana gedən Hasinanın ekstradisiyası üçün Beynəlxalq Kriminal Polis Təşkilatından (İnterpol) kömək istəyəcəkləri bildirilib.
Banqladeşdə müvəqqəti hökumət tələbə etirazlarında 708 nəfərin həyatını itirdiyini açıqlayıb.