Keyt Middlton kimyaterapiya müalicəsinin başa çatdığını açıqladı
Xərçəng xəstəliyindən müalicə olunan Uels şahzadəsi Keyt Middlton kimyaterapiya müalicəsinin tamamlandığını açıqlayıb.
Bu barədə Uels Şahzadəsi X hesabında məlumat verib.
Keyt Middlton bu prosesin hər şeydən əvvəl ona və həyat yoldaşı Şahzadə Uilyama həyatda tez-tez adi hal kimi qəbul edilən sadə, lakin vacib şeylər barədə düşünməyi və minnətdar olmağı xatırlatdığını ifadə edib.
"Hazırda diqqətim xərçəngdən azad olmaq üçün əlimdən gələni etməkdir. Kimyaterapiyanı bitirməyimə baxmayaraq, sağlamlığıma və tam sağalmaya aparan yolum uzundur".
Önümüzdəki aylarda evdən işləyəcəyini və fürsət yarandıqda daha bir neçə dövlət vəzifəsi öhdəsinə götürəcəyini bildirən Şahzadə Keyt, bütün baş verənlərə baxmayaraq, bu yeni sağalma mərhələsinə yenilənmiş ümid və minnətdarlıq hissi ilə daxil olduğunu vurğulayıb.
Uels şahzadəsi bu prosesdə göstərdikləri dəstəyə görə ictimaiyyətə təşəkkür edib.
Mənbə: AA