Lukaşenko: NATO qoşunları Ukraynaya daxil olarsa, III Dünya Müharibəsi başlayacaq
Belarus prezidenti Aleksandr Lukaşenko NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Üçüncü Dünya Müharibəsinin başlayacağını bildirərək, belə olan halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacağı, anında və dəhşətli reaksiya veriləcəyini vurğulayıb.
Lukaşenko Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində cari məsələləri dəyərləndirib.
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) daha əvvəl ölkəsinin hava məkanını pozduğuna diqqət çəkən Lukaşenko, bunun dəfələrlə baş verdiyini bildirib.
Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini bildirib.
NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını dəyərləndirən Lukaşenko, "Əgər qərblilər NATO əsgərlərini göndərsələr, Üçüncü Dünya Müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq" deyib.
Vəziyyətin gərginləşməsini istəmədiklərini bildirən Lukaşenko, "NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Qırmızı xətt olmayacaq. Bizim yalnız bir xəttimiz var, o da dövlət sərhəddidir. Sərhədi keçən kimi cavab veriləcək” qeyd edib.