Azərbaycan mütəfəkkirlərinin "Qafqaz Evi" ideyası reallaşmalıdır - Şahin Cəfərli


Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapanmaq üzrədir. Qanunsuz respublika 32 il əvvəl sentyabr ayında elan olunmuşdu. Yenə bir sentyabr ayında ömrünü tamamladı.


AFN.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O bildirib ki, ermənilər ötən müddətdə həm bizi, həm də özlərini böyük bəlalara düçar etdilər: "İndi papaqlarını qarşılarına qoyub, "biz nə etdik və bundan sonra nə etməliyik" deyə soyuq başla öz mühakimələrini aparmalıdırlar. Bu balaca regionda qonşusundan oğurluq etmək, onu arxadan vurub, torpağını qoparmaq kimi axmaq və alçaq əməllərdən birdəflik imtina edib, dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər".
Politoloq ötən əsrdə Azərbaycan mütəfəkkirləri tərəfindən təklif edilən "Qafqaz Evi" ideyasını xatırladıb: "Mütəfəkkirlərimizin hələ Avropada inteqrativ proseslərin başlamadığı, əksinə, qitənin 1-ci dünya müharibəsindən 2-ciyə doğru addımladığı bir dövrdə irəli sürdükləri dahiyanə "Qafqaz Evi" ideyası bölgədə azərbaycanlılar, gürcülər və ermənilərin sülh və əməkdaşlıq şəraitində yaşamının təməlini təşkil edə bilər. (Yeri gəlmişkən, bu ideyanı 3+3 formatı ilə əlaqələndirənlərə inanmayın, heç bir əlaqəsi yoxdur.)
Bölgədə düşmənçiliklər bitməli, inkişaf mərhələsinə qədəm qoyulmalıdır. Üç xalq olaraq Qafqaz Evi çərçivəsində bir əməkdaşlıq nümunəsi ortaya qoya bilsək, gələcəkdə bərabər Avropa Birliyinə də qəbul olunmağımız fantastik ehtimal kimi görünmür. (Yaxın həftələrdə Gürcüstana namizəd ölkə statusunun veriləcəyi gözlənilir.) Təbii ki, AB-yə qəbul mütləq şərt deyil, olmasa da olar.
Üzeyir Hacıbəyli hələ 1906-cı ildə yazırdı:
"...Biz hamımız Qafqaz balalarıyıq. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Əks surətdə heç bir işimiz düz gətirməz. Taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır... Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik..."
Ermənilər şizofrenik xəyallardan tam və qəti şəkildə imtina edərək Üzeyir bəyin təsvir etdiyi düstur əsasında qonşuları ilə mehriban yaşamağı öyrənməlidirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu