Azərbaycanlı iş adamı Kipr Cümhuriyyətində turizm mükafatı alıb
İyulun 22-də Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) “Turizm və Nailiyyət Mükafatları”nın təqdimat mərasimi keçirilib. İlk dəfə keçirilən və ənənə halını alması hədəflənən tədbirdə KKTC turizminə töhfə verən və uğur qazanan iş adamlarına mükafatlar təqdim edilib.
AFN.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, turizm naziri Fikri Ataoglu, Milli Məclisin sədri Zorlu Tore və turizm sahəsində fəaliyyət göstərən tanınmış iş adamlarının iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev də mükafat alanlar sırasında olub. O, “Turk Dünyası Sagliq Turizmi mükafatı”na layiq görülüb. Mükafat ölkəmizi tədbirdə təmsil edən “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının Bakı klubunun rəhbəri Ceyhun Aşurova təqdim olunub. Ceyhun Aşurov tədbirin təşkilatçılarına təşəkkür edib.
Qeyd edək ki, tədbirdə tanınmış azərbaycanlı sənətçi Azərin xanımın ifasında səslənən “Çırpınırdı Qara dəniz” mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və gurultulu alqışlarla qarşılanıb.