Türkiyə, İsveç və Finlandiya arasında Brüsseldə görüş olacaq
NATO Zirvəsi öncəsi Türkiyə, İsveç və Finlandiya Brüsseldə görüşəcək. İclasda üçtərəfli memorandum əsasında Finlandiya və İsveçin terrorla mübarizədə atdığı addımlar nəzərdən keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə, Finlandiya və İsveçin 28 iyun 2022-ci ildə imzaladığı Üçtərəfli Memorandumda yaradılmış Daimi Birgə Mexanizmin beşinci iclası bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqin ev sahibliyi ilə keçiriləcək.
Türkiyəni tədbirdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç və xarici işlər nazirinin müavini səfir Burak Akçapar təmsil edəcək.
İclasda Finlandiya və İsveçin üçlü Memorandum əsasında atdığı addımlar, xüsusilə də Ankarada keçirilən əvvəlki görüşdən bu yana terrorla mübarizənin müxtəlif ölçüləri kontekstində atılan addımlar nəzərdən keçiriləcək.