Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı görüş martın 9-da Brüsseldə olacaq
Martın 9-da Brüsseldə Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli görüş keçiriləcək.
AFN.az xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, görüşün Brüsseldə baş tutması NATO-nun bütün prosesi yaxından görə və bu ölkələrin öz öhdəliklərini yerinə yetirib-yetirməməsini müşahidə edə bilməsi baxımından yaxşı haldır.
Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla martın ortalarında Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı görüş barədə razılığa gəldiyini açıqlamışdı.