Rusiyanın Ukraynada etdiyini Ermənistan Rusiya ilə birgə Azərbaycan ərazisində edir - ŞƏRH


Rusiyanın Ukraynada etdiyi nədirsə, Ermənistanın Rusiya ilə birgə Azərbaycan ərazisində etdiyi odur, yanaşma da, “məntiq” də, davranış da eynidir.


AFN.az xəbər verir ki, bunu REAL sədrinin müavini Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan dünyaya bu həqiqəti çatdırmalıdır: "Ermənistan rəsmiləri, mediası deyir ki, Xənkəndindəki qondarma rejimin öz müqəddəratını təyin etmə, özünü qoruma, silahllı müqavimət göstərmə, ordu-polis qüvvələri yaratma haqqı var. Hətta BMT nizamnaməsinə də istinad edirlər ki, bu yanaşma da Rusiyanın Ukrayna ərazilərini işğal etmək üçün söylədiyi bəhanələrlə birə-birdir. Kreml də deyilr ki, Donbasın, Krımın, Xersonun, Zaparojyenin əhalisi beynəlxalq hüquqa, BMT yanaşmasına görə öz müqəddəratını təyin edir, silahlı mübarizə aparırdı – Moskva da “xalqın səsini” eşitdi, onlara silah-sursat dəstəyi göstərdi, sonra da öz qoruması altına aldı, ərazisi elan etdi. Yaxşı, bəs dünya, BMT, AB ölkələri, ABŞ, ATƏT, Avropa Şurası nə deyir və son 9 ildə, 2014-cü ildən bəri nə deyirdi?! Haqlı olaraq deyir ki, Rusiya işğalçıdır, Ukrayna ərazisindəki separatçılara silah-sursat vermək cinayətdir, Ukraynanın ərazi bütövlüyünə təcavüzdür, Ukrayna ordusunun və xalqının Krım da daxil öz ərazisində işğalçıları məhv etmək hüququ var və bu hüququ reallaşdırmaq üçün düzgün addım olaraq Ukraynaya tam dəstək göstərirlər, pul-para, silah-sursat verirlər".
Bütün geosiyasi gedişatın lehimizə olduğu situasiyada nədən hüquqi mövqeyimizi dünyaya çatdırmaqda problem yaşayırıq? Bu suala cavabında N.Cəfərli bildirib ki, çünki Azərbaycanın idarəetmə sisteminin inandırıcılığı, hekayəsi, etibarlılığı zəifdir. "Əsas səbəb məhz budur. Bu problemin həlli yolu isə illərdir dediyimiz mürəkkəb, çoxşaxəli və effektiv yeni idarəetmə sistemindən keçir. Basqıların amortizasiyası üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə qolları bir-birlərinə siyasi “pas” verməyi, bir-birini qorumağı bacarmalıdır – bu isə ancaq yeni Konstitusiya islahatları ilə mümkün ola bilər. Müharibə və böhran zamanında “təkadam” sistemləri uğurlu ola bilər, amma gərgin geosiyasi “burulğanlar”, sülh quruculuğu, danışıqlar dövründə isə bu sistem problem yaradır – hər tərəfdən basqılar bir adama yönəlir, bu basqıları azaltmaq üçün digər dövlət institutları heç nə edə bilmirlər, əslində isə elə maraqlı sistem qurmaq olar ki, basqıları bütün hakimiyyət qolları arasında ağılla bölüşdürülərək dəf edə bilək" - deyə N.Cəfərli qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu