"Şuşa şəhəri "Qaranlıq irs" tədqiqat üsulları ilə öyrənilməyə məhkumdur" - Fariz Xəlilli


“Şuşa şəhərinin abidəviliyi və tarixiliyi onun ümumdünya mirası olduğunu göstərir. 270 il öncə paytaxt şəhər kimi əsası qoyulan Şuşa şəhəri tarixi Qarabağın təbii və mədəni landşaftının ən maraqlı guşəsidir. Şuşanın tarixinin öyrənilməsi həm mənbəşünaslıq, həm də tarixşünaslıq baxımından zəngin materiala əsaslanır”.


Bunu AFN.az-a açıqlamasında "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyib. Onun sözlərinə görə, tarixi sənədlərə əlçatanlıq orada cərəyan edən hadisələri müəyyən mənada öyrənməyə imkan verir. Bununla belə, Şuşa şəhərinin bilinməyənləri çoxdur və öyrənilməyə ehtiyacı var: “Şuşanın erməni vandalizminə məruz qalması şəhərin tarixini və abidələrin zənginliyini arzuolunan şəkildə ortaya çıxarmağa, qorumağa və təbliğ etməyə imkan vermir. Odur ki, Şuşa şəhəri həm də “Qaranlıq irs” tədqiqat üsulları ilə öyrənilməyə məhkumdur.
Əvvəlcə qeyd edim ki, şəhərin qədim tarixi ilə bağlı maddi mədəniyyət nümunələri arxeoloji tədqiqatlardan məlumdur. Mən hələ 2004-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinin qədim dövr arxeoloji materiallarını sistemləşdirərkən Şuşanın tunc dövrü materiallarının “Redkin lager” tunc dövrü materialları kimi təqdim olunduğunu aşkar etmişdim. Materiallar Çar Rusiyası dövründə şuşalı müəllim Emil Resler tərəfindən aşkar olunmuşdu və Tiflis Qafqaz Muzeyində saxlanılırdı. Sovet dövrünün ilk illərində Azərbaycana məxsus bəzi arxeoloji və etnoqrafik materiallar qardaşlıq nümunəsi olaraq geri qaytarılmış və Azərbaycan Dövlət Muzeyinə təhvil verilmişdi. Yanlış olaraq Şuşa arxeoloji materialları aktda düzgün göstərilməsinə baxmayaraq inventar kitabında “Redkin lager” arxeoloji materialları kimi qeydə alınmışdı. Həmin materiallar at üçün tunc gəm (inv. № 1052), tunc ox ucları (inv. № 1037; 1038), tunc xəncər başlığı (inv. № 1057), tunc düymələr (inv. № 1056; 1060), tunc lövhəcik və ya kəmər hissəsi (inv. № 1058; 1051), tunc qolbaqlar (inv. № 1045; 1046), çaxmaqdaşı və dəvəgözüdən ox ucları (inv. № 1039; 1040), əqiq və balıqqulağı muncuqlar (inv. № 1053; 1059; 1054; 1055), heyvan dişləri (inv. № 1048; 1050) və çürümüş ağac parçasından (inv. № 1049) ibarət maddi-mədəniyyət nümunələridir. Bu az material Şuşanın son tunc və ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin zənginliyini göstərir və yeni tədqiqatlara əsas verir”.
Tarixçi-alim deyir ki, Şuşa şəhərinin xanlıq dövründə 1752-ci ildə inşa olunması onun tarixi hissəsinin “Orta əsrlər sonrası arxeologiyası” tədqiqat üsulları ilə öyrənilməsini zəruri edir. Bu mənada Şuşa şəhəri beynəlxalq ictimai təşkilatlar - Avropa Arxeoloqları Assosiasiyası və Orta Əsrlər Sonrası Arxeologiyası Cəmiyyəti ilə əlaqəli öyrənilə bilər: “Azərbaycanda son zamanlarda XVIII əsr xanlıq dövrü paytaxt şəhərlərinin öyrənilməsi Şuşa şəhərinin digər paytaxt şəhərləri ilə müqayisə olunmasına da imkan yaradır. Professor Qafar Cəbiyevin başçılıq etdiyi Ağsu arxeoloji ekspedisiyası məhz “Orta əsrlər sonrası arxeologiyası” ilə məşğuldur və Şuşa şəhərinin mədəni landşaftını daha dərindən anlamağa kömək edəcək”.
“Şuşanın bilinməyən və diqqətdən kənarda qalan yönlərinin araşdırılması Şuşada sosial-mədəni mühiti daha doğru anlamağa kömək edəcək” deyən Fariz Xəlilli qeyd etdi ki, memarlar, arxeoloqlar, antropoloqlar, epiqraflar, numizmatlar, paleoqraflar, etnoqraflar və digər mütəxəssislər Şuşanın tarixini yenidən ələ almalı, bu sahədə araşdırmaları genişləndirməlidirlər: “Biz də 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmasından istifadə edib bu münasibətlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə qatıldıq və "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsini təqdim etdik və qalib olduq. Layihənin əsas məqsədi Şuşada aparılmış arxeoloji, etnoqrafik, epiqrafik, numizmatik və paleoqrafik tədqiqatların dağınıq halda olan hesabatlarını bir yerə toplamaq, iki dildə nəşrə hazırlamaq və nəşr etmək, Britaniyada yerləşən “Orta Əsrlər Sonrası Arxeologiya Cəmiyyəti” ilə Şuşa şəhəri üçün əməkdaşlıq etmək, eləcə də ilkin mərhələdə həmin cəmiyyətin nəşrlərində məqalə və ya kitab nəşr etmək, həmçinin 2022-ci ilin noyabr ayında Şuşa şəhərində “Abidələr və Tarixi Yerlər Dördüncü Beynəlxalq Şuşa Simpoziumu”nu keçirməkdir. Layihədə nəzərdə tutduğumuz bütün işləri həyata keçirdik”.
Qeyd edək ki, noyabrın 22-də Şuşada simpozium keçirməklə layihəmizi yekunlaşdırdıq. Tədbirdə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi layihəni yekunlaşdırıb. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran, Rusiya və digər dövlətlərdən 70-dən çox alim və tədqiqatçının Şuşanın tarixi-mədəni irsi haqqında məruzələri dinlənilib. Simpozium iştirakçıları Şuşa şəhərinin tarix-memarlıq abidələri ilə tanış olublar. Onlar əvvəlcə Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsi, sonra İkimərtəbəli karvansaray, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Güllələnmiş heykəllər memorialı, Xurşidbanu Natəvanın evinin qalıqları, Gəncə qapısı və qala divarları ilə tanış olublar.

Fəxriyyə ABDULLAYEVA










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu