“Estafet” GİB “İntellekt dalğası regionlarda” layihəsinin icrasını davam etdirir


“Estafet” Gənclərin İctimai Birliyi “İntellekt dalğası regionlarda” layihəsinin icrasını davam etdirir.



AFN.az xəbər verir ki, layihə çərçivəsində 8 iyul tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Sədərək rayon seçimi təşkil olunub.



İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının rayonlarında gənclərdən ibarət komandaların iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında seçmə yarışlar keçiriləcək. Rayon seçmələrində qalib olan 7 komanda üçün Naxçıvan şəhərində “İntellekt Çempionatı” adlı final yarışı təşkil olunacaq.



Arzu Qasımov bildirib ki, keçirilən intellektual yarışlar vasitəsilə gənclər arasında sağlam rəqabət ruhu təşviq ediləcək, gənclərin analitik düşünmə və problem həlletmə bacarıqları inkişaf edəcək. Gənclər müxtəlif mövzular üzrə məntiqli düşünmə və qərar qəbuletmə bacarıqlarını artıracaqlar.



Sonra 6 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Sədərək rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib.



Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Xarıbülbül” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu