"Payız kuboku" yarışı başa çatdı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Payız kuboku” intellektual turniri layihəsi çərçivəsində keçirilən intellektual yarış başa çatıb.
Birlikdən verilən məlumata görə, 3-6 oktyabr tarixlərində keçirilən qrup mərhələsində dörd qrup üzrə 29 komanda (ümumilikdə 145 nəfər) mübarizə aparıb. Hər qrupda ən çox xal toplamış 3 komanda – ümumilikdə 12 komanda 9 oktyabr tarixində yarımfinal mərhələsində finala vəsiqə uğrunda yarışıblar.
Bu mərhələdə ən çox xal toplamış 4 komanda – Qazax rayonu Daş Salahlı kənd Araz Əmilov adına 1 nömrəli tam orta məktəbin "Viktoriya" komandası, Qazax rayonu Daş Salahlı kənd Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəbin "Polo" komandası, Qazax rayonu Yuxarı Salahlı kənd Zahid Mahmudov adına tam orta məktəbin "Vurğun" komandası və məktəblilərdən ibarət müstəqil “Likantropiya” komandası final mərhələsinə adlayıblar.
10 oktyabr tarixində Qazax Gənclər Evində "Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual turnirin final yarışının nəticələrinə əsasən, müstəqil "Likantropiya" komandası I yeri tutub və "Payız kuboku"na sahib çıxıb. "Viktoriya" komandası II, "Vurğun" komandası isə III pillədə yer alıb. Qalib komanda kubokla, ilk 3 yeri tutan komandaların üzvləri müvafiq diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, layihə 01 avqust 2023-cü il tarixində start götürüb və 01 noyabr tarixində yekunlaşacaqdır.
Layihədə tərəfdaş qismin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi çıxış ediblər.