ABŞ-da qan ehtiyatları böhran həddinə çatdı
ABŞ-da qan ehtiyatlarının kritik səviyyədən aşağı düşməsi səbəbindən Amerika Qızıl Xaç Cəmiyyəti 150 illik tarixində ikinci dəfə qan ehtiyatı böhranı elan edib.
AFN.az xəbər verir ki, Amerika Qızıl Xaç Cəmiyyətinin rəsmisi Dr. Kortni Lourens bildirib ki, meşə yanğınları və həddindən artıq isti hava kimi amillərin eyni vaxtda təsir göstərməsi mövcud vəziyyətin yaranmasına səbəb olub. Onun sözlərinə görə, təkcə ötən ay ərzində qan ehtiyatlarının səviyyəsi dörddəbir nisbətində azalıb.
Qeyd olunub ki, yay aylarında yol-nəqliyyat hadisələrinin artması və açıq hava tədbirləri zamanı baş verən xəsarətlər səbəbindən xəstəxanaların qana olan tələbatı yüksəlib. ABŞ-da ümumi qan tələbatının təxminən 40 faizini qarşılayan Amerika Qızıl Xaç Cəmiyyətinin ilin bu dövrü ilə müqayisədə normaldan təxminən 3500 vahid daha çox qan payladığı və mövcud ehtiyatların kəskin şəkildə azaldığı bildirilib.
Qan hüceyrələrinin zamanla yararsız hala düşməsi səbəbindən bağışlanan qan ən gec 42 gün ərzində istifadə edilməlidir. Saxlanma müddətinin məhdud olması səbəbindən qan ehtiyatlarını uzunmüddətli şəkildə toplamaq mümkün deyil.
Bütün qan qrupları üzrə təcili ianə çağırışı edilib. Bildirilib ki, bütün qan qruplarına ehtiyac olsa da, xüsusilə 0 Rh müsbət qan qrupu ehtiyatlarında ciddi çatışmazlıq yaşanır. Dr. Lourens əlavə edib ki, kifayət qədər ehtiyatı olmayan bəzi xəstəxanalar təcili xəstələrin digər travma mərkəzlərinə yönləndirilməsi imkanını nəzərdən keçirirlər.
Həddindən artıq isti hava səbəbindən təhlükəsiz şərait təmin olunmadığı üçün kütləvi qanvermə aksiyalarının ləğv edildiyi, meşə yanğınlarının resursların bölünməsinə səbəb olduğu, ölkə üzrə yayılan qida mənşəli yoluxucu xəstəliklərin isə qan bağışlarının sayına mənfi təsir göstərdiyi qeyd olunub.
Amerika Qızıl Xaç Cəmiyyəti tarixində ilk qan ehtiyatı böhranını 2022-ci ilin yanvarında, COVID-19 pandemiyası və sərt qış şəraitinin təsiri ilə elan etmişdi.
Digər tərəfdən, Kanada Qan Xidmətinin açıqlamasında bildirilib ki, Kanadada da qan ehtiyatları iyunun əvvəlindən bəri təxminən 20 faiz azalıb, qanvermə üçün qeydiyyatdan keçənlərin sayı isə yay mövsümünün orta göstəricilərindən xeyli aşağıdır.


