Ankarada NATO-ya üzvlük danışıqları başlayıb
Ankarada NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyə və Finlandiyanın ədliyyə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
“Danışıqlarda Türkiyə nümayəndə heyətinə Ədliyyə Nazirliyinin xarici əlaqələr departamentinin baş direktoru Kasım Çiçək başçılıq edir”, – qəzet yazır.
Finlandiya nümayəndə heyəti Ankarada ölkənin NATO-ya üzvlüyü və terror təşkilatları üzvlərinin Türkiyəyə ekstradisiyası məsələlərini müzakirə edəcək.
Danışıqlar zamanı Türkiyə tərəfi FETÖ və PKK üzvlərinin ekstradisiyası üçün müraciətlərini yenidən Finlandiya nümayəndə heyətinin diqqətinə çatdıracaqlar.
Qeyd edək ki, NATO-ya namizəd ölkələr (İsveç, Finlandiya) iyunun 28-də alyansın Madrid sammiti çərçivəsində Türkiyə ilə üçtərəfli memorandum imzalayıb və cinayət təşkilatlarına qarşı mübarizədə fəal əməkdaşlığa söz veriblər.
Mayın 18-də İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə kürd təşkilatlarını terrorçu elan etməyi, terrorda şübhəli bilinən şəxslərin təhvil verilməsini və Ankaraya silah tədarükünə qoyulan qadağaları aradan qaldırmağı tələb edərək, ölkələrin təşkilata qoşulma prosesini əngəlləyib.