Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.
AFN.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Məmmədov nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib.
Qeyd edək ki, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib.
Əmək fəaliyyətinə özəl sahədə başlayan V.Məmmədov 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyində işləməyə başlayıb. Nazirliyin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində 2009-2016-cı illərdə məsləhətçi, aparıcı məsləhətçi, 2016-2018-ci ilərdə Elm, təhsil və gənclərlə iş şöbəsində sektor müdiri vəzifələrində çalışıb.
Mədəniyyət Nazirliyində 2018-2020-ci illərdə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsində sektor müdiri, şöbə müdirinin müavini, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək Regional siyasət şöbəsinin müdiri vəzifələrində işləmişdir. Son təyinatınadək Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Hazırda Azərbaycan Prezidenti tərəfindən yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində fəaliyyət göstərən bir neçə işçi qrupunun üzvü kimi fəaliyyət göstərir.
İşğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpa konsepsiyaları və digər milli proqramların və layihələrin həyata keçirilməsində müəllif, həmmüəllif, əlaqədəndirici və icraçı kimi iştirak edir.
Fəaliyyəti dövründə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, habelə digər fəxri fərman və medallarla təltif edilib.