Hüquqşünas, qəzet redaktoru, usta – Ədalət Hüseynovun maraqlı həyat hekayəsi
Tovuz rayonunun səfalı dağ kəndlərinin birində dünyaya göz açıb. Uşaqlığı, gəncliyi, həyatının xeyli hissəsi rayonun Sarıtala kəndində keçib. 2005-ci ildən isə Gəncədə yaşamağa qərar verib.
Norm Ustalar Klubu layihəsi çərçivəsində növbəti həmsöhbətimiz Hüseynov Ədalətdir. Çox maraqlı həyat yaşayır desək, yanılmarıq. Həm qəzet baş redaktorudur, həm usta. İxtisası isə hüquqşünasdır, ali təhsilini Moskva Dövlət Universitetində alıb. Rusiyanın paytaxtında qalıb karyerasını inkişaf etdirmək istəsə də, ailəsinin təkidi ilə vətənə qayıtmalı olub: “2005-ci ilə qədər Gürcüstanda işlədim. Orada əvvəllər hüquqşünas işlədim, sonra ustalığa başladım. Çoxlarına qəribə gələ bilər və gəlir də ki, necə ola bilər, adam hüquqşünas kimi peşəni qoyub tikintidə işləyər?! Bu sualın cavabını indi verirəm: mən fiziki cəhətdən aktiv adamam, bir yerdə dayana bilmirəm. İşim olmayanda da piyada gəzirəm. İşləməyəndə özümü narahat hiss edirəm, bədənimin hər yeri ağrıyır. Amma işləyəndə gümrahlaşıram. Ona görə də hüquqşünaslıqdan keçdim ustalığa. Hazırda tikintinin bütün sahələrində işi bacarıram. Neçə mərtəbə deyirsiz, evin inşasını sıfırdan başlayıb sonuna qədər yekunlaşdırıb təhvil veririk. Norm Ustalar Klubunun da Gəncə şəhəri üzrə səfiriyəm. Yüzlərlə ustanı bir araya gətirmişik, işlə təmin edirik, özümüz də işləyirik. Çox şükür, halal zəhmətimizlə dolanırıq. İşimizin keyfiyyəti ilə bağlı heç vaxt narazılıq, etiraz eşitməmişik”.
Ə.Hüseynovun 2 qız, 1 oğul övladı var. Həmsöhbətimiz təəssüflə bildirir ki, övladları ali təhsil almaqda maraqlı olmayıblar: “Heyif ki, onlar mənə oxşamadılar, təhsilə meyilli olmadılar. Oğlum heyvandarlığı seçdi, gedib mənim doğulduğum kənddə qoyunçuluqla məşğul olur”.
İşğaldan azad edilən torpaqlarda işləmək Ə.Hüseynovun da arzusudur. “Nəinki özüm gedərəm, yanımda onlarla usta apararam orda işləməyə” deyir.
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.