Sənətə olan həvəsim təhsilə olandan böyük idi – usta ilə söhbət
Səfalı Qubanın Rustov kəndində dünyaya göz açıb. Hazırda Xaçmaz rayonunda yaşayır. Ustalığa uşaqlıqdan həvəsi olub. Bu həvəs onu təhsil almağa da qoymayıb. Ağlı kəsəndən böyük qardaşının yanında tikintidə çalışmağa başlayıb.
Həmsöhbətimiz Norm Ustalar Klubunun Xaçmaz rayonundan olan üzvü Şükürov Telmandır. Telman usta artıq 25 ildən çoxdur ki, tikintidə külüng vurur. Bu illər ərzində dolanışığını, ailəsini saxlamağı təmin edə bildiyi üçün məhz öz peşəsinə minnətdardır: “Mən tək işləyirəm, yanımda fəhlələr olur. Briqada şəklində işləməyi xoşlamamışam heç vaxt. Bütün işləri özüm görürəm. Evi, obyekti 0-dan götürür, bütöv tikib, təmir edib, təhvil verirəm”.
Telman usta öz işini Xaçmazla yekunlaşdırmır. Özünün dediyinə görə, ətraf rayonlarda da, doğma Qubada da sifariş olanda gedir: “Hazırda Xaçmazın kəndində işləyirəm. Amma hardan sifariş olsa götürürəm”.
Yazının əvvəlində qeyd etdik ki, Telman usta ali təhsil almayıb. Söhbət əsnasında etiraf etdiyinə görə, bunun üçün imkan da olmayıb: “Nə qədər tikintiyə olan həvəsim məni bu sahəyə çəksə də, ali təhsil almaq arzum da vardı. Amma ailəmiz böyük idi, imkansızlıq idi deyə bu arzumu reallaşdıra bilmədim. Həm də sənətə olan həvəsim təhsilə olan həvəsimdən daha güclü çıxdı. Əslində mən həyatımdan narazı deyiləm, şükür, öz zəhmətimlə dolanıram, ailəmi saxlayıram. Uşaq vaxtımdan suvaqçı olan yeznəmin yanında işləmişəm, zəhmətə alışmışam”.
Ailə demişkən, T.Şükürovun övladları da sənət yolunu seçiblər. Həmsöhbətimizin sözlərinə görə, qızı qadın, oğlu isə kişi bərbəridir: “Hər ikisi normal qazanır, dolanır. Əsas odur ki, halal zəhmətlərilə qazanırlar çörəklərini”.
Koronavirus dövründə ustanın müəyyən çətinlikləri olsa da, iş, sifariş azalmayıb: “Evdən çıxmaq çətin idi, saatla çıxırdıq deyə gedib işləyə bilmirdik. Amma şükür, artıq o dövr arxada qalıb, normal işləyə bilirik”.
Telman usta da digər həmkarları kimi işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işlərində işləməyi məmnuniyyətlə istəyir. Öz işini biznesə çevirmək haqda heç vaxt düşünməyib həmsöhbətimiz. Bunun üçün yaşının da keçdiyini deyən T.Şükürov yaşı və səhhəti imkan verənə qədər tikintidə çalışacağını söyləyir: “Heç vaxt düşünməmişəm ki, gələcəkdə axırım nə olacaq, nə ilə dolanacam. Allah böyükdür!”
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.