“Uşaq olanda heç mismar da vura bilmirdim” – peşəkar hörgü və suvaq ustası
Norm Ustalar Klubu layihəsində bu dəfəki qonağımız Qusarda tanınan usta Radik Zamanovdur. Qusar rayonunun Yeni həyat kəndində, 1969-cu ildə anadan olan Zamanov Radik Mirəli oğlu 1992-ci ildən tikinti sahəsində çalışır. Hörgü və suvaq işi görür. “İşi 0-dan götürüb təmir üçün təhvil verirəm” - deyən Radik usta əvvəllər başqa işlərdə çalışıb: “Sovet hökuməti dağılandan sonra müəyyən müddət iş yerləri bağlandı, işsiz qaldıq, sonra başladım bu sahəyə keçməyə. Müxtəlif ustaların yanında çalışdım, usta Rəsul, usta Yədullanın yanında öyrəndim. Əvvəl Azərbaycanda, sonra Rusiyada işlədim. Rusiyada xeyli müddət işləmişəm. Orada olanda başqa rayonlardan da ustalar vardı, hər birindən bir iş öyrəndim, bu sahədə bacarığımı artırdım”.
R.Zamanov Bakıda da layihələrdə işləyib. Bir neçə iri, dövlət əhəmiyyətli layihənin tikintisində iştirak edib: “Bakıda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Qusarda “Şahdağ” Olimpiya Kompleksinin tikintisində işləmişəm. Liman tikiləndə bir türk firmasında işləyirdim, onlar da limanın inşasında iştirak edirdilər. Onlarla bərabər bu layihənin inşası zamanı işimi daha da təkmilləşdirdim”.
Maraqlıdır ki, R.Zamanov böyük layihələrin inşası zamanı gördüyü işdən heç vaxt narazılıq eşitməyib: “Rusiyada da narazılıqla qarşılanan işim olmayıb. Amma Qusarda müştərilərimiz arada nədənsə narazılıq edirlər, deyirlər bunu başqa cür istəyirdim. Onda da bilirik ki, pulu kəsmək üçün edirlər (gülür-red.)”.
Uşaqlıqda nə vaxtsa tikintidə çalışacağı ağlına da gəlməyib. “Uşaq olanda heç mismar da vura bilmirdim” - deyən usta bu işə 1992-ci ildən fəhlə kimi başlayıb: “Müxtəlif ustaların yanında işlədim, öyrəndim, 5-6 ildən sonra artıq özüm də usta kimi işləyə bilirdim”.
4-5 ildir keçirdiyi qəza ilə bağlı kənar yerlərə işləməyə gedə bilmir: “Rusiyada yıxılmışdım, ayaqlarımda xəsarət var, ona görə çalışıram Qusardan kənara getməyim. Yoxsa əvvəllər hər yerdən sifariş götürürdüm. Rusiyada məsələn, böyük həcmli işlərimiz olurdu, daha çox restoranlar tikirdik”.
Qusar sakinləri də daha çox Avropa üslubuna üstünlük verirlər. Həmsöhbətimiz isə deyir ki, suvaq və malyar işlərindən daha çox xeyir götürürlər: “Tikintini təməldən götürəndə, beton işi olanda yaxşı qazanc olur, amma hörgüdə azdır”.
Digər həmkarları kimi, Radik ustanı da işinə bağlayan əsas səbəblərdən biri buradan çörəkpulunun çıxmasıdır: “İşimi xoşlayıram, burdan çörəkpulu qazanıram, çox şükür dolanışığımız pis deyil. Bir də ki, daimi iş olması bizi bu işi sevməyə, bununla məşğul olmağa vadar edir”.
Övladlarının öz güclərinə təhsil alıb işləmələri, işlədikləri sahədə irəli getmələri Radik usta üçün ən böyük nailiyyətdir: “Başqa sahələrdə uğur qazanmasalar da, öz sahələrində, öz güclərinə işləyib irəli gediblər, bundan böyük nə nailiyyət?!”
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.