7 il Vətənin keşiyində dayanan usta Aqşin Hüseynovla söhbət


Norm Ustalar Klubu layihəsi çərçivəsində təşkil etdiyimiz müsahibələrin növbəti qonağı Ağstafa rayonundan olan usta Aqşin Hüseynovdur. Uşaq vaxtından əsas meyli oxumağa olsa da, tikinti sahəsinə də istəyi az olmayıb. Bu barədə bir qədər sonra yazacağıq. Hələlik isə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin ustanın ali təhsil ala bilməməsi haqda danışaq.


Özünün dediyinə görə, orta məktəbi bitirən kimi əsgər getməli olub. Əsgərliyini əvvəlcə Sovet ordusunda, daha sonra isə Azərbaycan Milli Ordusunda çəkməli olub. Lakin o, çoxları kimi, 2 il (o dövrlərdə əsgərlik müddəti orta təhsilli gənclər üçün 2 il idi-red.) çəkməyib. Nə az, nə çox, 1991-ci ildən 1998-ci ilə qədər Milli Orduda qulluq edib. Və illərdən də göründüyü kimi, Birinci Qarabağ müharibəsinin də iştirakçısı, Qarabağ qazisidir: “Müharibədə yaralanmışam. 1998-ci ildə ordudan tərxis olundum. 2 ildən sonra başladım tikinti sahəsində işləməyə. Bir işlə məşğul olmasaydım, indiyə çoxdan dəli olmuşdum. Gözümüz o qədər ölüm-itim görmüşdü ki, əsəblərimiz tab gətirmirdi. Boş-bikar qalmaq isə bizi daha də aqressivləşdirirdi. Elə o vaxtlardan tikintiyə meyilləndim. Əvvəlcə Gəncədə usta köməkçisi kimi işləməyə başladım. Bir neçə ildən sonra özüm müstəqil usta kimi işləməyə üstünlük verdim”.

Əsasən Gəncə və Ağstafada sifarişlər götürür. Koronavirus pandemiyası başlayandan bəri işlərin xeyli azaldığını deyən həmsöhbətimiz Qarabağ zonasında aparılan tikinti-abadlıq işlərində də işləmək fikrindədir: “Buralarda da iş çox olacaq. Müharibəyə görə çox adam iş gördürmürdü, inşallah, bundan sonra çox olacaq tikinti işləri”.

Aqşin ustanın 5 övladı var. Böyük oğlu Vətən müharibəsində şücaəti ilə seçilən Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətdədir. O da atası kimi torpaqlarımız uğrunda savaşıb. Kiçik övladları isə hələ məktəblidirlər. “Ali təhsilə meyil göstərəni də var, göstərməyəni də” – deyir həmsöhbətimiz.

Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu