Rusiyalı basketbolçu Daniil Kasatkin Fransada saxlanılıb

Rusiyalı basketbolçu Daniil Kasatkin Fransada ABŞ-ın sorğusu ilə saxlanılıb.
AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Bildirilir ki, Kasatkin ransomware (şifrə tələb edən virus proqramları) hücumları həyata keçirən haker qrupunda iştirakda şübhəli bilinir. Agentliyin yazdığına görə, idmançı irəli sürülən bütün ittihamları rədd edir.
Paris məhkəməsində keçirilən dinləmələrdə Kasatkinin həbsdə saxlanmasına qərar verilib. O, iyunun 23-də Parisdəki Şarl de Qoll hava limanında saxlanılıb və həmin gündən etibarən həbsdədir. Bildirilir ki, o, Fransaya sevgilisinə evlilik təklifi etmək üçün gəlibmiş.
ABŞ tərəfi Kasatkini kompüter dələduzluğu məqsədilə cinayətkar razılaşmada iştirakda ittiham edir. İttihama görə, Kasatkinin əlaqələndirildiyi haker şəbəkəsi ABŞ-da iki federal qurum da daxil olmaqla 900 təşkilata kiberhücumlar təşkil edib.
Basketbolçunun vəkili Frederik Belo bildirib ki, Kasatkin sadəcə ikinci əl kompüter alıb və texnologiyadan anlayışı yoxdur: “O, hətta proqram belə quraşdıra bilmir. Ya kompüter öncədən virusla yoluxdurulub, ya da ona bu cihazı sataraq kiminsə adından istifadə ediblər”.
Vəkil müvəkkilinin girovla azadlığa buraxılmasını tələb etsə də, bu müraciət rədd olunub. Kasatkin həbsdə olduğu müddətdə sağlamlıq durumu pisləşib və çəksi 95 kiloqramdan 89 kiloqrama enib.